Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
17.10.2017 18:53
Heydər Əliyev Sarayında Keloğlan Masalları Müzikali-2 “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim olunacaqHeydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə, Keloğlan Masalları Müzikali-2 “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim olunacaq.  Türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşakar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan Keloğlan Masalları Müzikalinin yeni “Uzun-Huysuz Kosmosda” müzikl-tamaşası 22 oktyabrda uşaqların ixtiyarına veriləcək. Keloğlan Masalları Müzikali-2 tamaşasında uşaqları növbəti həyacanlandırıcı və əyləncəli tamaşa gözləyir. Huysuz və Uzun kəndliləri meydana toplayaraq hamının gözünün qarşısında günəşin işığını söndürürlər. Bunu görən Keloğlan və dostları Huysuzun sehirli güclərə sahib olmasının başlarına böyük bəla gətirəcəyini düşünürlər. Bununlada, Keloğlan Bilgecan Dedeyə baş verənləri izah edir və həyacanverici məcara başlayır. Ancaq Huysuz və Uzun çoxdan başqa bir planetə gedib və üstəlik dünyanın ən dəyərli kitabını özləri ilə aparıblar. Görəsən qəhrəmanlarımız baş verən hadisələrin sirrini tapa biləcəklərmi? Bu suala cavab tapmaq istəyən uşaqları interaktiv müzikl-tamaşaya dəvət edirik. Yalnız bir gün və iki seans olacaq müzikl-tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcan verici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir. Saat 12:00 və 15:00-da başlayacaq müzikl-tamaşanın biletlərini iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.  Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30 ..
17.10.2017 18:50
Təbrizli aktyor Musiqili Teatrın “999-cu gecə”sində21 və 22 oktyabr tarixlərində saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası nümayiş olunacaq. Səhnə əsərinin budəfəki nümayişlərinin xüsusi özəlliyi Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadla bağlıdır. Beləki, Camal Saqinejad növbəti dəfə məhz bu tamaşada Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsinə çıxacaq. O, tamaşada Şah obrazını canlandıracaq. Buna qədər isə C. Saqinejad Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasında tamaşaçıların qarşısına çıxıb. Novruz bayramı günlərində tamaşaçılara təqdim olunan həmin səhnə əsəri yerli izləyicilərlə yanaşı, İran İslam Respublikasından gələn turistlər tərəfindən də böyük çoşqu və alqışlarla qarşılanıb. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır. Səhnə əsərində rolları Camal Saqinejadla yanaşı, teatrın gənc və istedadlı aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa edəcəklər.   ..
17.10.2017 18:05
Opera və Balet Teatrında yeni mövsümün ilk premyera tamaşasıOpera və Balet Teatrı Azərbaycan bəstəkarlarının ən dəyərli opera və balet tamaşalarına yeni səhnə həyatı vermək istiqamətində faydalı ənənəsini bu mövsümdə də davam etdirir. Bu sıradan növbəti tamaşa Azərbaycanın görkəmli bəstəkarı Xalq artisti Cahangir Cahangirovun “Xanəndənin taleyi“ operasının tamaşası olacaqdır. Premyerası oktyabrın 25-də baş tutacaq tamaşa 109-cu mövsümün ilk premyerasıdır. Cahangir Cahangirov “Xanəndənin taleyi“ operasını 1978-ci ildə qələmə almış və həmin ildə opera səhnəyə qoyulmuşdur. Maraqlı süjet xətti olan tamaşa XX əsrin əvvəllərində Azərbaycanda çox məşhur olan müğənni Mir Səidin taleyindən, onun hələ gənc ikən Avropaya mühacirət etməsi, qürbətdə vətən həsrəti ilə yaşamasından bəhs edir. Qeyd edək ki, operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, Xalq artisti Baba Mahmudoğlu ifa etmişdi. Yeni quruluşda isə əsas qəhrəmanın obrazını Teatrın solisti - Əməkdar artist İlkin Əhmədov yaradacaqdır. Premyera tamaşasında həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Xanım), Fərid Əliyev (Rəşid bəy), Səbinə Vabahzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), Xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədova (Xanəndə qız), solistlər Tural Ağasıyev (Aşur bəy), Fəhmin Əhmədli (Qasım), Tələt Hüseynov (Məmməd) çıxış edəcəklər. Tamaşanın musiqi rəhbəri və dirijoru  Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. İki pərdəli opera tamaşası üçün çox baxımlı və rəngarəng dekorasiya və kostyumlar hazırlanmışdır. Səhnə tərtibatı və kostyum eskizlərinin müəllifi isə Əməkdar mədəniyyət işçisi, rəssam Tehran  Babayevdir. ..
17.10.2017 17:41
Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnək və kursların təqdimatı keçirilibArtıq 4 ilə yaxındır ki, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində kurs və dərnəklər fəaliyyət göstərir. Mədəniyyətin müxtəlif sahələrinə aid bu kurs və dərnəklərdə Azərbaycan mədəniyyətini, incəsənətini, musiqi və rəqs sənətini təbliğ etməklə yanaşı, habelə Azərbaycan dilinin tədrisi geniş şəkildə həyata keçirilir. Təqdimat mərasimində Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərləri, tanınmış təhsil, mədəniyyət xadimləri, fəxri qonaqlar, Daşkənddə fəaliyyət göstərən internat və orta məktəblərin müəllim və şagirdləri, jurnalistlər iştirak ediblər. Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm və əl işləri dərnəyinin fəal şagirdlərinin əl işlərindən ibarət sərgi, habelə Mərkəzin foyesində dərnəklərin hazırladığı master klaslar iştirakçılara təqdim edildi. Açılışda çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ötən illərdə Mərkəzdə yaradılan rəqs, rəsm, əl işləri, fortepiano, Azərbaycan dili və komputer kursları haqqında məlumat verərək, əsas məqsədlərinin Azərbaycanın zəngin mədəniyyətini, dilini təbliğ etmək, iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, habelə yeni-yeni istedadları üzə çıxararaq onların fəaliyyətinə stimul vermək olduğunu bildirmişdir. O, Azərbaycanda və Özbəkistanda uşaq və yeniyetmələrə qayğı, ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi ilə yeni – yeni uşaq – internat evlərinin, sağlamlıq və reabilitasiya mərkəzlərinin inşası barədə danışaraq, gələcəyimiz olan uşaqlara qayğı, onların bilikli, bacarıqlı və öz tarixlərinə, mədəniyyətlərinə dərindən yiyələnməsinin vacib olduğunu vurğuladı. Daşkənd şəhər İnternat məktəbləri üzrə koordinasiya Şurasının sədri  Oybek Babacanov  Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, burada uşaq və yeniyetmələrin öz fəaliyyətlərini inkişaf etdirmək üçün bütün şəraitin olduğunu qeyd etdi. Daha sonra Mədəniyyət Mərkəzinin Azərbaycan dili kursunun təqdimatı başlandı, kurslarda iştirak edən uşaq və yeniyetmələr Azərbaycan dilində ölkəmizə aid şeirlər söylədilər. Mərkəzin nəzdindəki komputer kurslarının fəal şagirdlərinin Azərbaycanın tarixi, mədəniyyəti, turizm resurslarına, habelə Qarabağın şəhərləri, abidələrinə dair xüsusi proqramla hazırladıqları slayd şou nümayiş etdirilib. Mərkəzdəki komputer kurslarında artıq dizayn və qrafika proqramları tədris olunur. Qeyd edək ki, Mədəniyyət Mərkəzi kurslarda istifadə olunan tədris vəsaitləri və əyani vasitələrlə  uşaq və yeniyetmələri təmin edir. Artıq 5 ilə yaxındır ki, Mədəniyyət Mərkəzində rəqs dərnəyi fəaliyyət göstərir ki, dərnəkdə yüzlərlə azərbaycanlı, özbək və digər millətlərin uşaq və yeniyetmələri, Azərbaycan rəqs sənətinin sirlərini öyrənir. Artıq dərnəyin nəzdində “Azərbaycan qızları” və kişik yaşlı uşaqlardan ibarət “balaca fidanlar rəqs ansamblları fəaliyyət göstərir və onlar Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə iştirak edirlər. Ansamblın bədii rəhbəri Azərbaycan və Özbəkistanın əməkdar artisti Kaykep Əliyevadır. Qısa müddətdir ki, fəaliyyətə başlayan fortepiano dərnəyinin uşaqlarının çıxışı maraqla qarşılandı, bir sıra Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olundu.  Sonda kurs və dərnəklərdə xüsusi fəallıq göstərən müdavimlərə Mədəniyyət Mərkəzinin xüsusi sertifikatları verildi və yeni tədris ilində kurslara və dərnəklərə qəbulla bağlı prioritetlər elan olundu.    Təqdimat mərasiminin sonunda IDEA İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli Parkı” sənədli film iştirakçılara təqdim olunub. Azərbaycanın əsrarəngiz təbiət gözəlliyi, Göygöl Milli Parkı, Azərbaycan təbiətinin incisi olan Göygölün yaranması, buranın zəngin flora və faunası maraqla iştirakçıların böyük marağına səbəb olub. Layihənin təşəbbüskarı və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, filmin rejissoru İqor Bışnyovdur. Tədbir çərçivəsində Daşkənddə fəaliyyət göstərən internat məktəblərin şagirdləri üçün Azərbaycan milli mətbəxinə dair yeməklərə qonaq ediliblər.   ..
17.10.2017 14:02
Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcəkXVIII əsrin böyük Azərbaycan şairi, siyasi və ictimai xadim  Molla   Pənah  Vaqifin  bu il  anadan   olmasının  300 illiyi tamam olur. Vaqif yaradıcılığı ilə Azərbaycan şеiri tarixində yeni bir dövr başlanıb. Realist şеirin ilk nümunələri Molla Pənahın adı ilə bağlıdır. O, Azərbaycan ədəbiyyatında həm yaşadığı dövrün reallıqlarını açıb göstərən şair kimi,  həm də məhəbbət və  gözəllik tərənnümçüsü kimi şöhrət qazanmışdır. Şair həm də Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri kimi sarayda xidmət göstərmişdir. Odur ki, Vaqifin təkcə yaradıcılığı deyil, bir tarixi şəxsiyyət kimi də keçdiyi yol  xalqımız üçün həmişə maraq kəsb edib. Elə on illərlə teatrlarımızın səhnəsindən düşməyən “Vaqif” dramı da, “Vaqif” operası da təsadüfi yaranmayıb. Vaqif irsi daima öyrənilib və sevilərək təbliğ olunub. Əsrlər keçsə də, onun şeirləri, qəzəlləri bu günə qədər  dillər əzbəridir. Bu böyük şəxsiyyətin yaradıcılığı bu gün yalnız sadə xalqın deyil, dövlətimizin də diqqət mərkəzindədir. Bildiyiniz  kimi,  Azərbaycan   Respublikasının   Prezidenti   cənab   İlham  Əliyevin  12 yanvar 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq,  M.P.Vaqifin anadan olmasının 300 illik yubileyi dövlət səviyyəsində qeyd olunur.  UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na M.P.Vaqifin  adının da  daxil edilməsi bu qüdrətli söz ustasına verilən yüksək dəyərin göstəricisidir. TÜRKSOY təşkilatına  üzv dövlətlərdə  cari  ilin   “Molla Pənah Vaqif ili”  elan olunması da buna parlaq misaldır. Ölkəmizin hər bir guşəsində də Vaqifin anadan olmasının 300 illiyi ilə bağlı silsilə  tədbirlər  keçirilir. Cəfər  Cabbarlı  adına  Azərbaycan  Dövlət  Teatr  Muzeyində 18 oktyabr 2017-ci il  tarixində  saat  14:00  da  keçiriləcək  “Üç əsr keçsə də...” adlı bədii-musiqili  gecə  həmin silsilə tədbirlər sırasındadır. Gecədə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə aşıqlardan ibarət saz havaları səslənəcək, Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının müəllimi, bədii qiraət ustası Məleykə Məmmədova  şairin qəzəl və qoşmalarından nümunələr söyləyəcək. Həmçinin tədbir çərçivəsində Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının Teatr şöbəsinin şagirdləri tərəfindən Xalq şairi S.Vurğunun “Vaqif” dramından səhnəcik göstəriləcək, şeirlər səslənəcək, vokal sinfinin trio ansamblının müşayiəti  ilə “Qarabağ şikəstəsi” ifa olunacaq  və “Vaqif” dramının səhnə təcəssümünü əks etdirən video-çarx nümayiş etdiriləcəkdir. Mədəniyyət və incəsənət xadimləri, Bakı şəhər muzeylərinin əməkdaşları, media nümayəndələri  tədbirdə  iştirak edəcəklər. ..
17.10.2017 11:24
Azərbaycan Xalçası üzrə V Beynəlxalq Simpozium çərçivəsində “Müasir incəsənət xalçalarda” adlı sərgi keçiriləcəkAzərbaycan Xalça Muzeyi 2017-ci ilin oktyabrında Bakıda keçiriləcək Azərbaycan Xalçası üzrə V Beynəlxalq Simpozium çərçivəsində “Müasir incəsənət xalçalarda” adlı sərgi layihəsi təşkil edəcək. Burada dörd tanınmış gənc rəssamın – Faiq Əhməd, Fərid Rəsulov, CHİNGİZ və Butunay Haqverdiyevin müəllifi olduğu beş əsər təqdim olunacaq. Rəssamların hər biri son on ildə Azərbaycan incəsənətini xaricdə – xüsusilə də məşhur Venesiya Biennalesində iştirak edərək uğurla təmsil etmişlər. Hər bir rəssam sərgi üçün xalça sənəti, onun ənənələri və müasir dövrdə yaşadılması ilə bağlı öz baxışlarını ictimaiyyətə təqdim edir. Onlar öz əsərlərində ənənəvi xalça nümunələrinin simvolikasının dərk edilməsini, ornament və onların adət edilmiş formalarının müasir üslubda transformasiyasını, hətta xalçanın utilitar əhəmiyyətinin genişlənməsini əks etdiriblər. Ancaq hər kəs bunu öz yaradıcılığına xarakterik olan yollarla şərh edir. “Axan” xalçalar uzun müddətdir ki, Faiq Əhməd yaradıcılığının bir növ əsas vizit kartıdır. Sərgidə üzərində nefti xatırladan qara axının təsvir olunduğu belə xalçalardan biri ictimaiyyətə təqdim olunacaq. Rəssamın digər əsəri xovsuz xalça olan Qarabağ cecimindən yaradılmış ikinci emalın beynəlxalq nişanı “Universal Recycling Symbol”-nu (sonsuzluq əlaməti olaraq Möbius lenti ilə qapanan üç ox) ifadə edən kompozisiyaya malikdir. Bu xalçanın verdiyi mesaj budur: Azərbaycan xalçalarının obraz və ornament sistemi çağdaş müəlliflərin gələcək yaradıcılıq axtarışları üçün əsasdır və bu da milli ənənələrin qorunmasının təminatıdır. CHİNGİZ xüsusilə olaraq simpozium üçün toxuduğu Faiq Əhmədin əsərində ifadəsini tapdığı sanki ənənələrin yenidən işlənməsi ideyasına illüstrasiya olan xalçanı təqdim edir. Onun xalçası öz müasirliyi və nəfis sadəliyi ilə seçilir, burada lakonik forma bütünlüklə çoxtərəfli bir fikrə tabedir. Xalçanın ara sahəsində bir tipli qara və yalnız biri ağ rəngdə olan zoomorf (quş) təsvirlər yer alır ki, bu da “Ağ qarğa”nın simvolik təsvirini təcəssüm edir. Bu əsərin əsas ideyası hər şeyi, yəni – bəşəriyyətin yaradılışını, yaradıcı fikrin ortaya çıxmasını, ətraf mühiti canlandırmaq iqtidarına malik yaradıcı düşüncənin təsirini dəyişə bilən, zamanın və məkanın müəyyən bir nöqtəsini göstərməkdir. Bu ideya ilə bağlı şərhlər çox ola bilər, lakin hamısı yenilik və qeyri-adiliklə bağlıdır və bu baxımdan əsər müasir müəlliflərin əsərlərində yer alan milli xalçanın yaradıcı transformasiyasının mahiyyətini əks etdirir. Fərid Rəsulov sərgi üçün interyerin divar və mebelindən tutmuş ən kiçik detalına kimi hər şey xalça ornamentləri ilə örtülmüş “Xalça otağı”nı tərtib etmişdir. Beləliklə, hər kəs özünü yeganə, əbədi, universal əsər olan xalçanın içində hiss edə və onun ənənəvi Azərbaycan interyeri və ümumiyyətlə ölkə sənətinə böyük təsirini dəyərləndirə biləcək. Fərid Rəsulov öz instalyasiyası üçün Qarabağın Çələbi xalçasının ornament və kompozisiyasından yararlanıb. Butunay Haqverdiyev də tamaşaçını xalçanın “içərisinə” buraxmaq qərarına gəlmiş lakin o, bu məsələyə tamamilə başqa metodla yanaşmışdır. Onun instalyasiyası akril boyalarla rənglənmiş, Azərbaycan xalçalarında yer alan ənənəvi ornamentlər formasında böyük ölçülü taxta modullardan ibarətdir. Onlar asanlıqla daşına və müxtəlif yollarla birləşdirilə bilir və nəticə etibarilə yuxarıdan aydın şəkildə görünə biləcək bir kompozisiyaya malikdir (bu kompozisiya üst mərtəbədən baxa bilmək üçün muzeyin şüşə tavanlı xüsusi salonunda nümayiş olunacaq). Bu instalyasiya kənardan baxılarkən sanki tamaşaçını sirrlərini açmağa çağıran parlaq və yaraşıqlı labirint kimi görünür. ..
16.10.2017 17:50
“Qorqud Ata Aşıqlar Karvanı” beynəlxalq aşıq tədbiri keçirilmişdir2017-ci il oktyabrın 14-də Bakıda R.Behbudov adına Dövlət Mahnı Teatrında Türk dünyası “Qorqud Ata aşıqlar karvanı” adlı konsert keçirilib. Azərbaycan Aşıqlar Birliyi, Türkiyənin Osmaniyyə Bələdiyyəsi, Avrasiya mədəniyyət və sənət dərnəyi və Türk Dünyası Jurnalistlər Federasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açaraq bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb. Türk xalqlarının ortaq mədəniyyətindən, Dədə Qorqudun türk dünyasının folkloruna, ədəbiyyatına və mədəniyyətinə təsirindən danışan professor M.Qasımlı qeyd edib ki, ulu babalarımız bir əlində qılınc tutanda  bir əlində də saz tutub, bu saz insanların döyüş və mübarizlik ruhunu artırdığı kimi, eyni zamanda bütün dünyaya nümayiş etdirib ki, türk həmişə döyüşün, savaşın, terrorun və qan tökülməsinin deyil, millətlər arasında sülhün və barışın tərəfdarıdır. Türkün coğrafiyasının genişliyi və rəngarəngliyi kimi, sazın imkanları da zəngindir. Saz bizim dünənimiz, bu günümüz və sabahımızdır, Türkün birliyinin simvollarındandır. Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Dəmir Menderes rəhbərlik etdiyi qurumun fəaliyyətindən, Azərbaycan-Türkiyə dostluğu çərçivəsində gördüyü işlərdən söz açıb, türkdilli dövlətlərdən gəlmiş aşıqların eyni səhnəni bölüşməsinin aşıq sənətinin inkişafı baxımından da böyük əhəmiyyət daşıdığını    və  bütövlükdə  aşıq sənətinə bir töhfə olduğunu vurğulayıb. Sonra səhnə aşıqların ixtiyarına verilib. Türkiyədən gəlmiş aşıqlar Bayram Dənizoğlu, Fərhat Karaca, Qırğızıstan respublikasından Qulira Kasimkulova, uyğur aşıq Farhat Bazakovla yanaşı Azərbaycan aşıqlarından Əməkdar Mədəniyyət İşçiləri Gülarə Azaflı və Əhliman Şirvanlının, Altay Məmmədli, Nazim Quliyev, Gözəl Kəlbəcərli, Roman Azaflı, Əli Pənahoğlu, Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupu və hazırda Bakıda  yaşayıb fəaliyyət göstərən Marta Laurinin ifasında səslənən müxtəlif aşıq havaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Tədbirin sonunda AAB sədri Məhərrəm Qasımlı tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib. Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Dəmir Menderes tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirirərək xatirə hədiyyələrini təqdim etmişdir. ..
16.10.2017 16:34
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start verildiAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında R.Hovardın “Qrinç“ – (“Yaşıl adam”) əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilib. Sözügedən əsər ötən ilin dekabr və bu ilin yanvar ayında yeni il tamaşası olaraq kiçik yaşlı tamaşaçılara təqdim edilmişdir. Əsərə olan tamaşaçı marağını, maraqlı səhnə quruluşunu, istedadlı aktyor oyununu və teatra müraciət olunan təklif və arzuları nəzərə alaraq, teatrın bədii şurası “Yaşıl adam” tamaşasının yeni versiyada hazırlanıb, il ərzində mütəmadi olaraq nümayiş olunması barədə qərara gəlmişdir. Əsərin səhnələşdirəni və quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtbatçısı İradə Muradova, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur. Tamaşanın yeni versiyasında rolları teatrın istedadlı aktyorları Ramil Məmmədov, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Nuriyyə Əliyeva, Könül Əbilova, Nuranə Hüseynova, Natiq Fərzəliyev, Vahid Orucoğlu, Xəyalə Meydanova, Aygün Fətullayeva və b. ifa edəcəklər. Tamaşanın premyerası oktyabr ayının 28-i, saat 1200-da və 1400-da baş tutacaqdır. ..
13.10.2017 17:41
“Mən Azərbaycanlıyam” adlı tədbir-sərgi keçiriləcək2017-ci il oktyabrın 18-də saat 15:00-da Azərbaycan İstiqlal Muzeyi öz ekspozisiyasında Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş “Mən Azərbaycanlıyam” adlı tədbir-sərgi keçirəcək. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da xalqımız XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. 1994-cü il 15 oktyabr tarixindən ümummilli lider Heydər Əliyevin fərmanı ilə 18 oktyabr Dövlət Müstəqillik Günü kimi qeyd olunur. Muzeydə keçiriləcək sərigə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin 50-yə yaxın əl işləri nümayiş olunacaq. Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrinin və digər qonaqların çıxışları gözlənilir,  “Gənclərin Respublika Bədii-Yaradıcılıq Evi”nin üzvlərinin hazırladıqları rəqs və musiqi çələngi nümayiş olunacaq. Tədbirdə rəssamlar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri, “Gənclərin Respublika Bədii-Yaradıcılıq Evi”nin üzvləri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər. ..