Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunurMədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə ölkə ərazisində yerləşən 29 tarix və mədəniyyət abidəsinə ziyarət təşkil edilib. Dünya əhəmiyyətli memarlıq abidəsi olan Ramana qəsrində keçirilən tədbirə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, ictimaiyyət nümayəndələri və orta məktəb şagirdləri qatılıb. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, ölkəmizdə də hər il bu tarixdə abidələrdə və tarixi məkanlarda mədəni irsin təbliği məqsədilə müxtəlif maarifləndirici aksiyalar keçirilir. Bu ilki tədbirlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. Qeyd edib ki, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin qorunması, habelə təbliği işinə yönəltmək üçün ölkə ərazisində yerləşən 29 tarix və mədəniyyət abidəsində tədbirlər təşkil edilib. Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində böyük işlər görüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, bu sahəyə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət göstərir. Ölkə başçısı tərəfindən mədəni irsimizin qorunması, bərpası-konservasiyası, eləcə də idarə olunmasında səmərəliliyin artırılması istiqamətində imzalanan fərman və sərəncamlar bunun bariz nümunəsidir. Tədbirdə şagirdlərin ifasında konsert proqramı təqdim olunub. Qeyd edək ki, 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. ..
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edirMədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir. Müsabiqənin təşkilində  şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni Nazirlik tərəfindən yaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satın Alınması üzrə Komissiya həyata keçirəcəkdir. İştirakçılar tərəfindən nəşrlər 8 iyun 2024-cü il tarixinədək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən olunmuş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir. Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcəkdir. Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satın alınmasına yol verilmir. Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, türk, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.  Müsabiqədə iştirak qaydaları Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və ya fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər. İştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satın alınması göstərilən nəşrlərdən 1 nüsxə Azərbaycan Milli Kitabxanasına təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2019-cu il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”na müvafiq olaraq məcburi nüsxlələri Milli Kitabxanaya təqdim olunmayan nəşrlərin müsabiqədə iştirakına yol verilmir. Müsabiqəyə aşağıdakı mövzular üzrə son iki ildə çap olunan nəşrlər təqdim oluna bilər: ● elmi və elmi-kütləvi ədəbiyyat (təbiət elmləri (kimya, fizika, mexanika, coğrafiya, biologiya, astronomiya və s.), ictimai (sosial) elmlər (tarix, hüquq, fəlsəfə, psixologiya, iqtisadiyyat, linqvistika, politologiya, antropologiya, etika və s) texniki (tətbiqi) elmlər (kompüter mühəndisliyi, süni intellekt, kənd təsərrüfatı, ekologiya və s.); ● uşaq ədəbiyyatı; ● milli adət və ənənələr, bayramlar, tarixi rəmzlər və toponimlər barədə nəşrlər; ● Azərbaycan etnoqrafiyası və milli-mədəni irsinə aid nəşrlər; ● Vətən müharibəsinə aid yüksək məzmuna malik nəşrlər; ● görkəmli ədəbiyyat, incəsənət və ictimai xadimlər haqqında araşdırmalar və memuarlar; ● bədii ədəbiyyat. Qeyd: müsabiqə üçün nəzərdə tutulan vəsaitin 40% həcmində elmi və elmi-kütləvi ədəbiyyatın, 30% həcmində uşaq ədəbiyyatının, 30% həcmində isə digər mövzular üzrə ədəbiyyatın alınması nəzərdə tutulur.   Müsabiqəyə təqdim olunan nəşrlərin satınalınma qaydası Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satın alınması nəzərdə tutulan nəşrlər barədə yekun siyahı tərtib edilir. Komissiya tərəfindən seçilən nəşrlərin satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcəkdir. Müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və Azərbaycan Milli Kitabxanasına təhvil verilir. Müsabiqə və Komissiyanın fəaliyyəti ilə bağlı müəyyən edilmiş meyarlarla aşağıdakı linklərə daxil olaraq tanış olmaq mümkündür: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə nəşriyyat və çap məhsullarının istehsalı, buraxılışı və satın alınmasına dair Meyarlar Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiyanın fəaliyyətinə dair Meyarlar ..
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub28 iyun – 28 iyul tarixlərində İtaliyanın Genuya şəhərində növbəti “Nervi Rozza Music Ballet Festival” keçiriləcək. 1955-ci ildə əsası qoyulan festival dünya balet sənəti ilə bağlı mötəbər incəsənət layihələrindən hesab olunur. Aprelin 17-də Genuya şəhərində beynəlxalq festivala həsr olunmuş mətbuat konfransı keçirilib. Genuya Opera Teatrının baş direktoru Kladuio Orazi, bədii rəhbəri Pierancelo Konte, şəhərin meri Karlo Bucci, regionun mədəniyyət kuratoru Cesika Nikkolini, “Ariosi Management” agentliyinin direktoru Alesandro Ariosi və başqa şəxslərin qatıldığı mətbuat konfransında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, dünya şöhrətli opera ifaçısı, Xalq artisti Yusif Eyvazov da iştirak edib. Tədbirdə festival haqqında media nümayəndələrinə ətraflı məlumat verilib. İtaliyanın “Carlo Felice” Teatrının rəhbərliyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını bu mötəbər festivalda iştiraka dəvət edib. Xalq artisti Yusif Eyvazov çıxış edərək festivala dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib. Ölkəmizdə incəsənət sahəsinə göstərilən dövlət qayğısından danışan Y.Eyvazov deyib ki, məhz bu dəstək sayəsində dünyanın bir çox məşhur teatrları tərəfindən səhnəyə qoyulan Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi“ baleti bu dəfə Nervi festivalında nümayiş olunacaq. Tamaşada Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri ilə yanaşı, Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri də çıxış edəcəklər. Y.Eyvazov həmçinin diqqətə çatdırıb ki, rəhbərlik etdiyi teatrın kollektivi 115-ci mövsümündə xarici qastrol səfərlərinə Rusiyanın Çelyabinsk şəhərində keçiriləcək Yekaterina Maksimova adına Beynəlxalq Balet Festivalında Fikrət Əmirovun dünyaşöhrətli “Min bir gecə” baleti ilə başlayacaq. Yaradıcı heyət daha sonra İtalyanın Genuya və Verona (“Arena de Verona” səhnəsi) şəhərlərində milli balet nümunələri ilə yanaşı, dünya klassik baletinin incilərindən sayılan P.İ.Çaykovskinin “Qu gölü” əsərini təqdim edəcək. ..
17.04.2024 16:48
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən İmişli şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilibAzərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən İmişli şəhərində 19 aprel tarixində saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 2) Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib. Qəbulun tarixi haqqında məlumat nazirliyin rəsmi internet resurslarında əvvəlcədən yerləşdiriləcək. ..
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıbMədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edir. Qeyd edək ki, layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədilə həyata keçirilir. Ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən layihə çərçivəsində 10 regionda 100 maarifləndirici tədbir təşkil edilib. Tədbirlərə 3000-ə yaxın iştirakçı qatılaraq yaradıcı sənayelər haqqında ətraflı məlumat alıb. Cari ilin may ayında yenidən həyata keçiriləcək “Yaradıcı müzakirələr” layihəsi ilkin mərhələdə Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxı şəhərlərini əhatə edəcək, daha sonra sentyabr-oktyabr aylarında Lənkəran, Naxçıvan, Sumqayıt, Bakı və Şuşa şəhərlərində davam edəcək. Layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlər təşkil olunacaq. Ümumilikdə təşkil olunan sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzuları əhatə edəcək. Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxıda baş tutacaq sessiyalara qeydiyyat artıq başlayıb və qeyd olunan link vasitəsi ilə aprel ayı ərzində qeydiyyatdan keçmək mümkündür: https://talks.creative.az Ətraflı məlumat üçün: İnstagram: https://www.instagram.com/yaradici.talks Facebook: https://www.facebook.com/yaradici.talks ..
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilirMədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Televiziyasının (AZTV) dəstəyi ilə “Səslənən irsimiz” adlı yeni layihə həyata keçirilir. Layihənin məqsədi Azərbaycanın çoxəsrlik tarixinin, xalqımızın mədəni sərvətlərinin mühüm hissəsini təşkil edən musiqi və memarlıq irsimizin tanıdılmasıdır. Layihə çərçivəsində müxtəlif tarixi abidələrin qarşısında muğam, klassik, rok, estrada və digər janrlarda musiqi ifaları, eləcə də ayrı-ayrı rəqs nömrələri təşkil edilərək lentə alınacaq. Həmin videomateriallar mediada və sosial şəbəkələrdə yayımlanacaq. Layihə üzrə ilk çəkiliş “Qarabağ” muğam triosunun iştirakı ilə Kiçik Mərdəkan qəsrində aparılıb. Xalq artisti Mənsum İbrahimov XIII-XIV əsrin yadigarı olan qəsrin qarşısında muğam və təsniflərimizi səsləndirib. Həmin ifanın lent yazısı aprelin 18-də – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə AzTV-də yayımlanacaq. Qeyd edək ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Layihənin ilk buraxılışının musiqili qonağı xanəndə, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət“ və “Şərəf“ ordenli, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru və Muğam kafedrasının müdiri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mənsum İbrahimov Azərbaycan muğam sənətinin tanınmış nümayəndəsidir. M.İbrahimovu tar ifaçısı, Xalq artisti Elçin Həşimov və kamança ifaçısı, Əməkdar artist Elnur Əhmədov müşayiət edir. Kiçik Mərdəkan qəsri Xəzər dənizi sahilində yerləşən müdafiə tikililərindən biridir. Abşeron qəsr memarlığına xas xüsusiyyətləri özündə təcəssüm etdirən abidənin XIII-XIV əsrlərdə inşa olunduğu məlumdur. Strateji baxımdan əlverişli yerdə ucaldılan tarixi tikili düşmən təhlükəsi haqqında məlumatı qısa zamanda lazımi ünvanlara çatdıra bilirdi. ..
15.04.2024 10:27
“Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi” elan olunurMədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri üçün “Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi”ni elan edir. Müsabiqə tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə çatdırılması üçün məlumat lövhələrinin yeni dizaynının hazırlanması məqsədilə təşkil olunur. Müsabiqə dizayn layihələrinin qəbulu və təqdim edilmiş materialların qiymətləndirilməsi olmaqla iki mərhələdən ibarətdir. Müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları dizayn layihələrini 15 aprel – 15 may 2024-cü il tarixlərində təqdim edə bilərlər. Müsabiqə qaliblərinin adları 30 may 2024-cü il tarixində elan olunacaqdır. Müsabiqə haqqında ətraflı məlumatı link vasitəsilə əldə edə bilərsiniz. ..
08.04.2024 17:20
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcəkAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2024/2025-ci tədris il üçün musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən işə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.  Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir. İşə qəbul və yerdəyişmə qaydaları (qaydalara əlavə), müsabiqənin test imtahanı proqramı və müsahibə mərhələsinin proqramları ilə qeyd olunan linklərə daxil olmaqla tanış ola bilərsiniz. Müsabiqə və müsahibələrin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək. ..
08.04.2024 17:19
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcəkAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2024/2025-ci tədris il üçün musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların və direktor müavinlərinin işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən işə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur. Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə çalışan direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir. İşə qəbul və yerdəyişmə qaydaları, müsabiqənin test imtahanı proqramı və müsahibə proqramı ilə qeyd olunan linklərə daxil olmaqla tanış ola bilərsiniz. Müsabiqə və müsahibələrin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək. ..