Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2136

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı keçirildi

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir.

2 avqust - Milli Kino Günündə “Azərbaycanfilm” kinostudiyada Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor Hüseyn Seyidzadənin (1910-1979) yaradıcılıq otağının açılış mərasimi oldu.

Tədbirdə çıxış edən kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bütün kino işçilərini Milli Kino Günü münasibətilə təbrik etdi. Bildirdi ki, “Azərbaycanfilm”in binası təkcə istehsal sahəsi deyil, həm də böyük bir mədəniyyət mərkəzidir ki, burada böyük bir tarix yaşayır: “Bu gün növbəti yaradıcılıq otağının açılış mərasimidir. Bilirsiniz ki, bundan əvvəl görkəmli rejissorlarımız Rasim Ocaqov və Tofiq Tağızadənin çalışdığı otaqların açılış mərasimi olub. Kinostudiyada muzey-otaqlar kimi fəaliyyət göstərən bu məkanlar korifey sənətkarların yaradıcılığı, iş prosesi barədə təsəvvür yaratmaqla yanaşı, onların xatirəsinin əbədiləşdirilməsinə xidmət edir. Əslində, kinostudiyanın hər bir otağı kino tariximizi özündə yaşadan məkandır”.

Müşfiq Hətəmov yaxın gələcəkdə unudulmaz kino xadimlərimiz Həsən Seyidbəyli, Əlisəttar Atakişiyev və Leyla Bədirbəylinin yaradıcılıq otaqlarının açılışının nəzərdə tutulduğunu, bu ənənənin davam etdiriləcəyini vurğuladı.

Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Hüseyn Seyidzadənin Azərbaycan kinosundakı xidmətlərindən söz açdı. Bildirdi ki, dünyaca məşhur hind aktyor və rejissoru Rac Kapur Bakıya gələndə rejissorun filmlərini izləmiş, çox bəyənmiş və onu Hindistana dəvət etmişdi. Hüseyn Seyidzadə isə “Mən hələ öz ölkəm üçün çox az filmlər çəkmişəm və xalqıma xidmət etməliyəm” deyib səfərdən imtina etmişdi.

Aydın Kazımzadə çıxışında “Yenilməz batalyon” filminin ərsəyə gəlməsindən, Xalq yazıçısı Qılman İlkin və Hüseyn Seyidzadənin yaradıcılıq əlaqələrindən söz açdı. Qeyd etdi, rejissor yaradıcılıq imkanları geniş olsa da, cəmi beş film ərsəyə gətirib.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov layihənin təşəbbüskarlarına minnətdarlığını ifadə etdi, Hüseyn Seyidzadəni qeyri-adi rejissor  kimi səciyyələndirdi: “Azərbaycan kinosu tarixində Hüseyn müəllimin özünəməxsus xidmətləri var. O, mənim üçün xüsusi rejissordur. İstərdim ki, Azərbaycan kinosunun tarixi fənni tədris edilərkən Hüseyn Seyidzadənin filmləri dərs vəsaiti kimi nümayiş olunsun. Hüseyn müəllimin sənətkar kimi filmlərdə nizamı, montajı, kadrda estetikası tamaşaçını heyran edir. Onun filmlərində saxtalıq görmək mümkün deyil və bu, böyük sərvətdir”.  

Kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev xatirə otaqları ənənəsinin davamlı olmasını təqdir etdi. Dedi ki, bu otaqları ziyarət edən məktəblilər və “Azərbaycanfilm” kinostudiyasında çalışan gənc rejissorlar bilməlidirlər ki, bu bina, həqiqətən, bir sənət məbədidir. Bu otaqlarda neçə-neçə korifey insanların düşüncələri, sevə-sevə izlədiyimiz filmlərin yaranma tarixçələri yaşayır: “Bu binada yüzlərlə sevilən filmlər, rejissorlar, operatorlar, rəssamlar, aktyor və aktrisalar çalışaraq öz yaradıcılıqlarını, təfəkkürlərini sərf ediblər. Xatirə otaqlarının açılışının ənənəyə çevrilməsi, korifey ustadların çalışdığı otaqların bərpa olunması gələcək üçün tarixdir. Bu gün kinostudiyanın dəhlizlərində böyük sənətkarların ruhu dolaşır. Bu otaqda da həmişə xoş xatirələr anılacaq. Gənc rejissorlar hər zaman böyük ustadların sənətini və kinomuzun tarixini unutmadan ənənələrə ləyaqətlə xidmət edəcəklər”.

Sonda Müşfiq Hətəmov kino sahəsinin inkişafına göstərdiyi qayğıya və Milli Kino Günü ərəfəsində kino xadimlərini mükafatlandırdığına görə dövlət başçısına minnətdarlığını bildirdi. Vurğuladı ki, ənənələri olan Azərbaycan kinosu daim yaşayacaq və bu sənətdə iz qoyan sənətkarların məktəbi gənc nəsillər tərəfindən davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycanın kinematoqrafiyasında Hüseyn Seyidzadənin özünəməxsus yeri var. O, sovet rejiminin qadağalarına baxmayaraq, çəkdiyi ekran əsərlərində tarixi gerçəkliyi obyektiv şəkildə təqdim etməyə çalışıb. Hüseyn Seyidzadənin ekran həyatı verdiyi “O olmasın, bu olsun” (Azərbaycanda ilk rəngli film”), “Koroğlu” (ilk genişekranlı film), “Yenilməz batalyon”, “Dəli Kür”, “Qayınana” bədii filmləri bu gün də tamaşaçıların sevə-sevə izlədiyi ekran əsərləridir.

Görkəmli rejissor həmçinin “Sovqat” (rejissor H.Bədəlovla birgə) qısametrajlı bədii, “Əbədi Odlar diyarı” və “Doğma xalqımıza” (rejissor Y.Fridlə birgə) sənədli filmlərinin müəllifidir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi