Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2193

Nazir Əbülfəs Qarayevin “Yeni Müsavat” qəzetinə müsahibəsinin davamı

İkinci hissə   |   Son hissə

“Saatlıda, cəmi 4 ay müəllim işlədim”

- Cənab nazir, düşmən ölkə vaxtaşırı işğal zonasında Azərbaycana məxsus qeyr-maddi irsimizi mənimsəməyə cəhd göstərir. Bununla bağlı beynəlxalq səviyyədə mübarizə necə aparılır?

- Biz bu işi UNESKO, Ümumdünya Turizm Təşkilatı, BMT-də mədəniyyətlə bağlı olan proseslərdə, Bakıda keçirilən “Bakı prosesi” və Mədəniyyətlərarası Dialoq Forumunda, müxtəlif formalarla dünyaya çatdırırıq. Lazım gələndə bəyanatları veririk, yaxud XİN-lə birgə fəaliyyəti həyata keçiririk. Lazım olduqda ekspertləri göndəririk və orada araşdırmalar aparırıq. Bu gün Azərbaycanda aparılan siyasət ondan xəbər verir ki, biz dayanıqlıyıq, möhkəmik. Müqayisə üçün baxın: Ermənistanın neçə faylı UNESKO-nun qeyri-maddi mədəni irsindədir? Onlarla nə qədər mübarizə aparmışıq. “Köçəri”ni də bunlar köçürəndə UNESKO səviyyəsində məcbur etdik ki, yalnız Ermənistan daxilində ənənə kimi qəbul olundu. Çünki bu rəqs bütün bu bölgədə yaşayanların rəqsidir. Növbəti il başqa ölkələrlə birləşdilər, amma biz ümumi faylla həm “Yallı”, həm “Köçəri”ni, həm də digər rəqsləri qəbul elədik. Cəmi 10 milyon əhalisi olan Azərbaycanın 13 faylla UNESKO-nun qeyri-maddi mənəvi irsinə daxil olması bu mübarizənin nəticəsidir. Sanki biz müəyyən təpələri, strateji əhəmiyyətli yüksəklikləri tutmuşuq. Lavaşı da Ermənistanla məhdudlaşdırdıq. Amma bunu bəşəri ənənə olaraq Ermənistana yazdırmaq düzgün deyil. Ona görə də sonradan İran, Qazaxıstan, Türkiyə və biz hamımız birlikdə yeni fayl verdik, bu cür çörəklərin bişirilmə ənənəsini qoruduq və qəbul olundu ki, bu, beynəlmiləl türk xalqlarının məhsuludur.

- Bülbülün, Xan qızı Natəvanın və Üzeyir bəyin güllələnmiş büstlərini Şəhidlər Xiyabanına, yaxud şəhərin mərkəzi parklarından birinə qoymaq olmazmı ki, ölkəmizə gələn əcnəbilər Ermənistanın gerçək mahiyyətinə bir baxışla bələd olsunlar? Onları İncəsənət Muzeyinin həyətində, darısqal yerdə saxlamaq nə dərəcədə doğru qərardır? 

- Mən inanıram ki, bu güllələnmiş heykəllər gec-tez öz yerlərinə qayıdacaq. Bu məsələyə iki tərəfdən yanaşardım. Birinci yanaşmam budur ki, heykəlləri bu şəkildə şəhərin bir yerində qoymaq düzgün olmaz. İntəhası, muzeyə gələn adamlar mütləq onları görürlər. Artıq bu heykəllər Natəvanın, Üzeyir bəyin və Bülbülün heykəlləri deyil. Bunlar erməni faşist quldurluğunu və vəhşiliyini təcəssüm etdirən heykəllərdir. Mən o heykəlləri Bakıda qoya bilmərəm! Çünki bu, erməni ideologiyasına bir heykəldir. Düzdür, biz onlara etiraz kimi baxırıq. Amma bu heykəllər artıq güllələnib, ermənilər tərəfindən.

- Şəhidlərin məzarları arasında olsa, məncə, daha məntiqli olar. Onlar da şəhid heykəllərdir...

- Müxtəlif fikirlər var. Bir vaxtlar bunlar bilinməyən yerlərdə idi. Sonradan biz onları yenidən qurulmuş muzeyin həyətinə qoyduq. Hər 18 sentyabrda, musiqi günündə orada ictimaiyyətin iştirakı ilə tədbirlər keçiririk, diqqəti cəlb edirik. Yenə deyirəm, bu heykəllər erməni faşist ideologiyasının və vəhşiliyinin heykəlidir. Mən onu başqa yerdə görmürəm.  

- Əbülfəs müəllim, dediniz ki, filmlərə baxmaqdansa, kitab oxumağa üstünlük verirsiniz. Bəs yerli telekanalları izləyirsinizmi? Səviyyə sizi qane edirmi?

 

- Bəzən izləyirəm. Bəzən xoşuma gəlir, bəzən gəlmir. Bu da təbiidir. Cənab prezident və hörmətli Mehriban xanımın ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşdə qeyd olundu ki, televiziyalarda gedən verilişlər mədəni baxımdan yüksək səviyyədə olmalıdır. Müəyyən nəticələr çıxarıldı və mən görürəm ki, müəyyən tərəqqi var. Biz tövsiyə elədik və o da icra olundu ki, bütün televiziyaların nəzdində bədii şura yaradıldı. Bədi şuraların tərkibində tanınmış ziyalılarımız da var. Yəqin ki, televiziyalar öz proqram, məqsəd və niyyətlərinə uyğun olaraq davamiyyəti formalaşdırır.

- Bəzən hesab olunur ki, müharibə vəziyyətində olan ölkənin efiri belə olmamalıdır. Xüsusilə də çal-çağır, şou proqramları tənqidlə qarşılaşır. Siz mədəniyyət sahəsinə rəhbərlik edən şəxs kimi nə təklif edirsiniz?

- Gəlin belə danışaq: özümüzü gərginliyə salmaq üçün belə düşünmək lazım deyil. Amma mən bazar günü, yaxud başqa günlərdə görürəm ki, bizim ordumuzla bağlı, vətənpərvərlik mövzusunda nə qədər verilişlər gedir. Onlar mütləq lazımdır. Vətənpərvərliyi və xalqın ruhunu tək bədbinliyə qapılmaqla qaldırmaq mümkün deyil. Əksinə, ruhu qaldırmaq, gücləndirmək lazımdır. Mahnıdır, rəqsdir, bunlar da öz sözünü deyir. Biz insanların ümumi şüurunu və ruhunu artıraraq onlara ruh veririk, güc veririk. O halda insanlar yeni qələbələrə doğru getməyə hazır olurlar.

 

“Siz nəsə məni ya deputatlığa, ya da səfirliyə göndərmək istəyirsiniz”

- Mədəniyyət nazirinin kinomuz barədə fikirləri çox maraqlıdır.  Sizcə, Azərbaycan niyə ortaya dünya miqyasına çıxa biləcək kino nümunəsi qoya bilmir? Buna səbəb ssenaristin, aktyorun, rejissorun, yoxsa maliyyənin çatışmazlığıdır? Deyək ki, futbol ənənəmiz yoxdur, bu, aydındır, axı bizim kino ənənələrimiz olub və indi də bəzi nümunələr efirimizi bəzəyir...

- Son 10 ildə istehsal edilən 60-dan çox ekran əsəri 59 ölkədə keçirilmiş 231 beynəlxalq film festivalında iştirak edərək 138 müxtəlif mükafat qazanıb.  Təkcə 2019-cu ilin birinci yarısında  10 filmimiz 30 dəfə beynəlxalq kinofestivallarda iştirak edib. Bizim problemimiz tamamilə fərqlidir və mən problemi görürəm. Azərbaycanda kino çəkilir. Düzdür, böyük maliyyə cəlb edən filmlər çəkilmir, belə nümunələr çox azdır. Mənim dövrümdə çəkilən filmin maksimum büdcəsi 1 milyon 200 min olub. Bu pulla böyük epopeyaları çəkmək kifayət qədər çətindir. Lakin  azərbaycançılıq ideologiyasına, uşaq tərbiyəsinə, vətənpərvərlik, vətənə bağlılıq, adət-ənənələrimizin qorunması ilə bağlı, insanlar arasındakı sevgi-məhəbbət, əyləncə, macəra xarakterli filmlərimiz var. Azərbaycanda, sadəcə, bu filmlərin nümayiş şəbəkəsi az olduğundan biz onu geniş şəkildə göstərə bilmirik. Bizim kinoteatrların nümayiş etdirdiyi filmlər daha çox xarici filmlərdir. Çünki bu, biznesdir. Bu yaxınlarda bir neçə Azərbaycan filmi kifayət qədər böyük məbləği əldə etdi. Amma bəzən özəl studiyalar tərəfindən çəkilən filmlər daha çox əyləncə xarakteri daşıyır və bəzən də yüksək tərbiyəvi mənanı daşımırlar. İnsanlar ora gedirlər. Bizim çəkdiyimiz filmlər isə... Bu, dövlətin puludur. Mən dövlətin vəsaitini boş-boşuna havaya sovura bilmərəm. Bizim müəyyən mövzular var, bu mövzuların arasından seçim gedir. Ən yaxşı ssenariləri seçib çəkirik. Cənab prezident sağ olsun, bu ilin ortasında 5 milyon vəsait ayırdı, kinostudiyada xüsusi bir Bədii Şura formalaşdı. Bədii Şurada oturanlar iki ay müddətində 250 ssenari ilə tanış oldular, 20-sini seçdilər. Bu 20 ssenarinin üzərində filmlər çəkilir.

- Narazılar isə başqa sözlər deyirlər...

- Desinlər də. Mən indi necə eləyim? Bu 250 ssenari mütəxəssislərin qarşısındadır. Orada oturan adamlar hamısı, şükür Allaha, tanınmış simalardır. Mən gəlib onlara deməyəcəyəm ki, bu, yaxşıdır, o, pisdir.

- Yəqin ki, Türkiyədə çəkilmiş “Diriliş Ertoğrul”, “Möhtəşəm Yüzyıl” kimi filmləri izləmisiniz. Niyə bizdə belə filmlər çəkilmir?

- Mən izləyirəm... Biz bir neçə tarixi film çəkdik, “Hökmdarın taleyi” kimi. Festivallarda da iştirak ediblər. Amma siz dediyiniz filmlərin çəkilişi üçün yanaşmalar müəyyən qədər fərqli olmalıdır. Orada vəsaitin, hazırlığın, təbliğatın, aktyor seçimlərinin əhəmiyyəti var. Azərbaycanda həm rejissor var, həm ssenari. Bu filmlərin bizdə çəkilməsi üçün xeyli vəsait tələb olunur.

- İcazənizlə, yenidən keçmişə qayıdaq. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil almısınız və hətta orta məktəbdə ingilis dilindən dərs demisiniz, eləmi?

- Bəli. Saatlıda, cəmi 4 ay. (Gülür). Ondan sonra əsgərliyə getdim.

- Bəs elə isə niyə, məsələn, xarici işlər naziri deyil, mədəniyyət naziri?..

- Mədəniyyət naziri də müəyyən dərəcədə Azərbaycan üçün diplomatik funksiya daşıyır.

- Bəzi sabiq nazirlər sonradan səfir olaraq çalışdılar, yaxud da çalışmaqdadırlar...

- Siz nəsə məni ya deputatlığa, ya da səfirliyə göndərmək istəyirsiniz. (Gülürük) Məgər mən artıq çox işlədim? Vaxt yetişib, sizin fikrinizsə?

- Yuxarıda dediniz ki, çətindir.

- İnsan gərək çətinliyə dözsün də...

- Bildiyimizə görə, yeganə övladınız Suad Qarayeva YARAT müasir incəsənət təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə kurator direktorudur. Nazir olaraq YARAT-ın, valideyn olaraq övladınızın fəaliyyətindən razısınızmı?

- Bəli. YARAT Aida Mahmudova tərəfindən təsis edilib. Çox güclü, maraqlı və gənclərin yaradıcılığına çox böyük imkanlar yaradan qurumdur. Suad orada çox böyük maraqla sərgilərin kuratorluğunu edir, bədii işlər görür. Onların tədbirlərinə qatılırıq, hətta biz birlikdə tədbirlər keçiririk. Hesab edirəm ki, gənclərin yaradıcılığının formalaşdırılması üçün Aida xanımın bu təşəbbüsü olduqca təqdirəlayiqdir. Mən dediyim yaradıcılıq sənayesinin formalaşdırılmasında belə meyllər olduqca vacibdir. 

- Kürəkəninizsə İran əsilli iş adamıdır, eləmi?

- O, İranda anadan olmayıb, amma kökü İrana gedir. Azərbaycan əsillidir.

- Yəqin nəvələr də var.

- İki qız nəvəm var, hələ 3 yaşa çatmayıblar.

- Allah saxlasın... Babaları onlara vaxt ayırırmı?

- Nəvələrimi bizdə qalanda görürəm. Ya da bazar günləri.

- Böyük bəstəkarın soyundan olan biri kimi, hansısa musiqi alətində ifa edirsinizmi?

- Yox. Məndə bu, yoxdur. Rəhmətlik qardaşım musiqiçi idi. Həyat yoldaşım da musiqiçidir. O, Azərbaycan musiqisi və şeirinin tədqiqatçısıdır. Elmlər Akademiyasında çalışır. Onun elmi əsərlərinin mövzusu Füzuli qəzəllərinin Azərbaycan musiqisində tarixi və təhlilidir.

- Əbülfəs müəllim, hakim komandada kimləri özünüzə daha yaxın bilirsiniz?

 

Davamı...

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb