Dekabrın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib.
Layihə Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihəsi ilin sonuna kimi davam edəcək. Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkilidir.
Qeyd edək ki, layihə çərçivəsində bu günə kimi Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində, H.Abbasov adına Mədəniyyət Mərkəzində, A.R.Qobustanlı adına Mədəniyyət evində, Binəqədi Mərkəzi Mədəniyyət evində, Q.Abbasov adına Mədəniyyət Sarayında, Nardaran qəsəbə Mədəniyyət Mərkəzində baş tutan konsertlərdə xanəndələr yüzlərlə tamaşaçının görüşünə gəlib. Bu konsertlərdə muğamlarımız, xalq mahnılarımız böyük sevgi və rəğbətlə qarşılanıb.
Konsertlərdə mütəmadi olaraq Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəhbərliyi iştirak edərək qəsəbələrdə konsertlərin təşkili, həmçinin klub işinin səmərəliyinin artırılmasına öz dəstəklərini əsirgəməyiblər.