Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
254

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə

Hələ gənc yaşlarından Firəngiz Əlizadə özünü çox istedadlı musiqiçi kimi tanıdıb. Ona görə də Qara Qarayevin tələbələrindən söz düşəndə ilk olaraq F.Əlizadənin adı çəkilir. O, yeganə azərbaycanlı bəstəkardır ki, "UNESCO-nun Sülh Artisti" fəxri adına layiq görülüb. Firəngiz Əlizadənin yaradıcılığında uğurlar çoxdur. Bu, təkcə onun deyil, Azərbaycan mədəniyyəti tarixinin səhifələrinə yazılan uğurlardır. Firəngiz xanım bu uğurlara böyük istedadı və zəhməti sayəsində nail olub. Mayın 28-i Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin ad günüdür.

Müəlliminin xeyir-duası ilə bəstəkarlıq yoluna qədəm qoyan F.Əlizadə hələ sovet dövründə yazdığı əsərləri ilə yaradıcılıq mühitinə yeni nəfəs gətirməsi ilə seçilib. Təsadüfi deyil ki, 1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən "Boş beşik" baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan bu əsər böyük uğur qazanıb. Türkiyə hökumətinin xahişi ilə Firəngiz xanım qardaş ölkədə bir neçə il fəaliyyət göstərib. 1997-ci ilədək Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışan F.Əlizadə 1999-cu ildə Almaniyaya, Berlin İncəsənət Akademiyasının professoru vəzifəsinə dəvət alıb. O, 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərib. Bu illər ərzində Firəngiz xanım dünyanın müxtəlif ölkələrində möhtəşəm konsertlər verməklə müasir musiqinin ən görkəmli nümayəndələrindən biri kimi adını tarixə yazdırıb.

F.Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Xarici ölkələrin məşhur musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərindən: Violonçel üçün "Oyan!" (Paris, 2005), Kvintet üçün "Xəzər" (Nyu-York, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün "Atəş" (Sietl, 2006), "Optical İdentity" baleti (Sinqapur, 2007), Misteriya "Al Kamandcaty" (Roma, 2007), Skripka üçün "Dastan" (Ausburq, 2007), fortepiano, violonçel və kamera orkestri üçün "Dəniz" (Bern, 2008), "Your name means the Sea" operası (Hyuston, 2011), xanəndə, flamenko ifaçısı və ansambl üçün "Mugflagamenco" (Amsterdam, 2011), Skripka və fortepiano üçün "İmpuls" (ABŞ, 2012), fortepiano üçün "Landscape" (Fransa, 2012) və sair qeyd etmək olar.

Bəstəkarın əsərlərini dünya şöhrətli musiqiçilər - Mstislav Rostropoviç, Yo-Yo Ma, Monigetti, Evelin Qlenni, Yulius Berger və musiqi kollektivləri - "Kronos-Quartet", "Collegium Novum", "Continuum" və başqaları ifa edib və bu gün də ifa etməkdədir. Bu ansambllara Azərbaycanın görkəmli musiqiçiləri Alim Qasımovun, Möhlət Müslümovun, Fəxrəddin Dadaşovun və başqalarının da adlarını əlavə etmək yerinə düşər. Çünki F.Əlizadə öz əsərlərində Avropa alətlərində milli alətlərin səslənməsindən alınan tembr boyalarına üstünlük verməklə yanaşı, məhz qərb və şərq musiqiçilərini bir ansamblda birləşdirməyi də çox sevir.

Məşhur amerikalı skripkaçı, meqastar Hillari Hanın Firəngiz Əlizadənin əsəri də daxil olan "Deutsche Grammofon" albomu 2014-cü ildə "İlin ən yaxşı kamera musiqisi" nominasiyasında "Grammy" mükafatına layiq görülüb. Azərbaycan bəstəkarlıq məktəbi tarixində F.Əlizadə bu mükafatı alan ilk bəstəkardır.

Müasir Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən olan Firəngiz Əlizadə əsərləri ölkə hüdudlarından kənarda böyük məmnunluq hissi ilə ifa olunan yeganə bəstəkardır ki, qastrol etdiyi şəhərlərin coğrafiyası da çox genişdir: Turin, Berlin, Lösern, Boston, San Dieqo, Çikaqo, Los-Anceles, San-Fransisko, Nyu-York, Sietl, Bazel, Amsterdam, Bern, Roma, Sürix, Vyana, Zaltsburq, Bonn, Lion, Tokio, Paris və sair.

Bəstəkarın milli-mənəvi və psixoloji-əxlaqi keyfiyyətləri tərənnüm edən "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş beşik" və "Stadt-Graniza" baletləri, "Habilsayağı", "Oazis", "Dərviş", "Abşeron" - müxtəlif ifaçılıq tərkibi üçün instrumental kompozisiyaları, "Silk road", violonçel və orkestr üçün "Mərsiyə" konsertləri, böyük simfonik orkestr üçün "İthaf" və digər əsərləri dünyanın mötəbər konsert salonlarında sevilə-sevilə ifa olunur və dinlənilir. İstər amerikan, alman, fransız, istər rus, eləcə də türk qardaşlarımız bu bəstəkarı özününkü hesab edir və onun əsərlərinə böyük məmnunluq hissi ilə qulaq asırlar. Bu səbəbdəndir ki, Firəngiz Əlizadəni həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bəstəkarı) kimi fəxri titulu ilə təltif ediblər. Bu da Firəngiz xanımın beynəlxalq aləmdə böyük nüfuza malik olmasını bir daha təsdiq edir.

Əsərlərində bəşəri mövzulara toxunaraq insanların diqqətini qlobal məsələlərə yönəltməyi bacaran bəstəkarımızın yaradıcılığının əsas ana xəttini canından artıq sevdiyi doğma Azərbaycanın tərənnümü təşkil edir. Buna misal olaraq, onun yaradıcılığının şah əsəri kimi qiymətləndirilən "İntizar" operasını göstərmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayevanın librettosu əsasında yazılan, yüksək bədii keyfiyyətləri ilə seçilən "İntizar" operasının əsas ideyası - Vətən uğrunda mübarizənin və əbədi məhəbbətə inamın təcəssümüdür. Bu opera Xeyir və Şər qüvvələrin qarşıdurması, haqq-ədalətin qələbə çalması kimi bəşəri mövzuları əks etdirir.

"İntizar" operasının timsalında biz Qarabağ mövzusunun opera sənətində yüksək sənətkarlıqla uğurlu təcəssümünün, bədii ifadə vasitələrinin, obrazlar sisteminin formalaşmasının şahidi oluruq. Bu mənada opera son dövrdə Azərbaycanda vətənpərvərlik ruhlu əsərlərin yaranmasına olan mənəvi tələbata tam cavab verir.

Bu opera sözün əsl mənasında musiqi həyatımızda baş verən ən böyük hadisəyə çevrildi, həm dövlət rəhbərliyi, həm də beynəlxalq ictimaiyyət tərəfindən bu əsər xalqımızın sarsılmazlığının, haqq işi uğrunda ədalətli mübarizəsinin təcəssümü kimi böyük rəğbətlə qarşılanıb.

Firəngiz Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli mədəniyyət xadimidir. 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvü olan F.Əlizadə 1979-cu ildə ABİ-nin idarə heyətinin katibi, 2007-ci ildən sədri seçilib və bu günə kimi həmin vəzifədə fəaliyyətini uğurla davam etdirir.

Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. Üzeyir Hacıbəylidən sonra idarə heyətinin sədrləri görkəmli bəstəkarlar - Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları olublar. Bu ənənə bu gün də davam edir. Bəstəkarlar İttifaqının idarə heyətinin sədri Firəngiz Əlizadə təşkilatın işinin daha səmərəli qurulmasına böyük əmək sərf edir. Bu gün Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öndə gedir, yüksək bədii səviyyənin saxlanılması istiqamətində öz sözünü deyir. Bəstəkarlar İttifaqı Heydər Əliyev Fondunun dəstəyi ilə "Muğam aləmi", habelə "İpək Yolu" beynəlxalq musiqi festivallarını təşkil edir. Bəstəkarlarımızın dəyərli əsərləri İttifaqın xətti ilə festivallarda, plenumlarda, baxışlarda, konsertlərdə səsləndirilir, onların albomları buraxılır. Həmçinin ittifaqın təşəbbüsü ilə tanınmış bəstəkarlar və musiqişünasların həyat və yaradıcılığından bəhs edən broşürlər nəşr olunur.

Professor Firəngiz Əlizadə həm də bir neçə sənədli filmin ssenari müəllifidir. Rejissor Cahangir Zeynalovun çəkdiyi "Hüdudsuz muğam aləmi" sənədli filmi buna ən gözəl nümunədir. Filmdə 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Beynəlxalq Muğam Festivalı bütün təfərrüatı ilə öz əksini tapıb.

Dünya şöhrətli bəstəkarımız yaradıcılığının müdrik çağında bu gün də gənclik şövqü ilə uğurlar ənənəsini davam etdirir. Belə ki, 2019-cu ildə Firəngiz xanıma "Aga Khan Music Award" musiqi mükafatı təqdim edilib. Portuqaliyanın paytaxtı Lissabonda baş tutan mükafatlandırma mərasimində mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Amin təqdim ediblər.

Qeyd edək ki, 1967-ci ildə yaradılan “Aga Khan Foundation” “Aga Khan Music Award” nominasiyasını yeni təsis edib. Bəstəkarlıq sahəsində verilən mükafatın ilk laureatı Firəngiz Əlizadə olub.

Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, "Şöhrət", "Şərəf" ordenlərinə və bir sıra mükafatlara, o cümlədən "Uğur", "Zirvə" mükafatlarına layiq görülüb.

Həyatı boyu yaradıcılıq axtarışında olan Firəngiz xanım ömrünün 72-ci baharında da ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək.

XƏBƏRLƏR

07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir