Şair Mir Həmzə Seyyid Nigariyə həsr olunmuş simpozium çərçivəsində konsert proqramı keçirildi
Oktyabrın 3-də Bakı Dövlət Universiteti və Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə şair Mir Həmzə Seyyid Nigariyə həsr olunmuş simpozium baş tutub. Simpozium çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı keçirilib.
Tədbirdə ilk öncə Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar çıxış edib, daha sonra şair Mir Həmzə Seyyid Nigarinin həyat və yaradıcılığına həsr olunmuş qısa film nümayiş olunub.
Konsert proqramında tarda Azərbaycan Respublikasının Xalq artisti Elçin Həşimov və kamançada Əməkdar artist Elnur Əhmədovun müşayiəti ilə Xalq artisti Mənsum İbrahimovun ifasında “Misri” kompazisiyası, Əməkdar artist Babək Niftəliyevin ifasında “Şuşanın dağları” səsləndirilib. Azərbaycan Televiziyasının solisti Elton Hüseynəliyevin ifasında sözləri Mir Həmzə Seyyid Nigariyə, musiqisi Aynur Adilqızına aid “Murabba” mahnısı təqdim edilib.
Tədbirdə Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Mircavid Cəfərovun ud ifası müşayiətində beynəlxalq müsabiqələr qalibi Hüseynağa Aslanov tərəfindən şair Mir Həmzə Seyyid Nigarinin qəzəlləri oxunub.