“Keçmiş problemlər – gələcək perspektivlər: urbisid kontekstində irsin idarə olunması siyasətinin tətbiqi” mövzusunda panel sessiya keçirilib
Xəbər verdiyimiz kimi, 19-20 may tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşada “Postmünaqişə dövründə humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilir. Mayın 20-də konfransın üçüncü plenar sessiyası gerçəkləşib. Sessiya “Keçmiş problemlər - gələcək perspektivlər: urbisid kontekstində irsin idarə olunması siyasətinin tətbiqi” mövzusuna həsr edilib.
Sessiyada mədəni irs üzrə ekspert Alessandro Bianki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İdarə heyətinin sədri Məftun Abbasov, “Romualdo Del Bianko” fondunun baş katibi Simone Ciometti, “Cultural Futures LLC” təşkilatının direktoru Terri Sandel, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası – İCOMOS-un Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Davudova, “Viafrancigena” mədəni marşrutu elmi komitəsinin üzvü Kristian Şule çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Şuşa nəinki Azərbaycan üçün, həm də region üçün mühüm əhəmiyyətə malik bir şəhərdir. Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən Qarabağda həyata keçirilən bərpa prosesi dünya üçün yeni bir nümunədir və burada öyrəniləsi çoxlu dərslər var.
Diqqətə çatdırılıb ki, mədəni fəaliyyətlər eyni zamanda ölkədə turizmin inkişaf etməsinə böyük töhfə verir. Tarix və irs mədəni bərpanın əsasıdır. Məhz tarixi bilgilər əsasında ərazi haqqında geniş təsəvvür əldə edilir.
Panelin sonunda iştirakçıların sualları cavablandırılıb.