15 oktyabr 2019-cu il tarixində
Abdulla Şaiqin Mənzil Muzeyində ədibin vəfatının 60 illiyinə həsr edilmiş tədbir keçirildi. “Abdulla Şaiq “Türk ocağı”nın qurucularından biri kimi” adlı tədbir Azərbaycanda bərpa edilmiş “Türk ocağı” cəmiyyəti ilə birgə təşkil edilib.Anım gününə həsr olunmuş tədbirdə “Şərq” qəzetinin baş redaktoru, “Türk ocağı” cəmiyyətinin sədri Akif Aşırlı, tarixçi alim Firdövsiyə Əhmədova, cəmiyyətin üzvləri, Bakı muzeylərinin əməkdaşları, universitet müəllimləri və kitabxananın nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Ülkər Talıbzadə açaraq ədibin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbir muzeyin əməkdaşı Arzu Hacıyevanın “Abdulla Şaiq – milli ideoloq kimi” adlı məruzəsi ilə davam etdi. Şaiq irsinin tədqiqatçısı milli ideologiyanın formalaşdırılmasında ədibin misilsiz xidmətlərindən danışdı.
“Türk ocağı” cəmiyyətinin sədri Akif Aşırlı belə bir tədbirin A.Şaiqin adını daşıyan mədəniyyət ocağında keçirilməsindən məmnunluğunu bildirdi. O, ədibin türkçülüyə dair əsərlərinin, həmçinin publisistikasının tədqiq olunmasına ehtiyac olduğunu bildirdi. Çıxışının sonunda Akif Aşırlı “Türk ocağı” Azərbaycanda” kitabının Bakı-2015 və İstanbul-2016 nəşrlərinin nüsxələrini təqdim etdi.
Firdövsiyə Əhmədova gənc nəsillərin təlim və tərbiyəsinin məhz Şaiq kimi munis bir təbiətə malik, vətənsevər, türkçü bir pedaqoqa həvalə olunmasını bizim xoşbəxtliyimiz kimi dəyərləndirdi. Firdövsiyə xanım onu da bildirdi ki, uşaq şairi hesab etdiyimiz Abdulla Şaiq əslində coşqun təbiətli bir şairdir. Onun turançılıq təbliğ edən şeirləri buna nümunədir.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Mübariz Süleymanlının çıxışı ilə davam etdi. M.Süleymanlı türkçülük əqidəsinin Talıbzadələr nəslinə xas xüsusiyyət kimi səciyyələndirdi. O, A.Şaiqin atası - Zaqafqaziya şeyxülislamı Şeyx Əhməd Səlyaninin müavini Axund Mustafa Talıbzadədən və Şaiqin pedaqoji sahədə əvəzsiz xidmətlərindən danışdı. Tədbirdə Abdulla Şaiqin həyat və fəaliyyətini əks etdirən slayd-şou nümayiş etdirildi. Bədii hissədə muzeyin əməkdaşları ədibin şeirlərini səsləndirdilər.