Azərbaycan kinosunun 120 illik yubileyi tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşan Ali təhsil ocaqlarında “Azərbaycan kinosu günləri” Bakı Slavyan Universitetində davam etdirilmişdir.
Bu gün universitetdə kino günlərinin açılışı keçirilmişdir. Tədbirdə tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış etmiş və tələbələrə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş, rejissor Etibar Məmmədovun Ulu Öndərə həsr etdiyi “Qalxan və Qılınc” sənədli filmi nümayiş etdirilmişdir.
Dörd gün ərzində tələbələrə rejissor Cavid İmamverdiyevin “Qürbətdə qalmış məzar”, Asif Abramovun “Azərbaycanlı Yura”, Yavər Rzayevin “Sabiri düşünərkən...”, Adil Azayın “Vulkanın nəfəsi”, Rauf Məmmədovun “Nəğmə dolu bir ürəyəm” filmləri göstəriləcəkdir.