Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Qara dastan - 37” adlı tədbir-sərgi keçiriləcək
2017-ci il noyabrın 23-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Muzeyimizin, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivinin və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə siyasi repressiyanın 80 illiyinə həsr olunmuş “Qara dastan - 37” adlı tədbir-sərgi keçiriləcək.
1920-ci ildən başlayaraq 30 ilə yaxın davam edən siyasi repressiyalar Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biridir. Bu illər ərzində qabaqcıl düşüncəyə malik bir çox ziyalılarımız, şairlərimiz, yazıçılarımız, eləcə də dövlət xadimlərimiz repressiyanın qurbanına çevrildilər. 1937-ci ilin sonunda ümumi repressiyaya məruz qalanların sayı 80 min nəfərə çatmışdır.
Muzeydə təşkil olunan sərgidə yeni eksponatlar - müvəqqəti saxlama yerlərinin qapısı, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivinin sənədləri, muzeyin fondunda saxlanılan müxtəlif əşyalar nümayiş olunacaq.
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Cavidin adı totalitar rejimin repressiya qurbanlarının bütövlüyünün rəmzinə çevrilib və muzeydəki sərgidə ona aid guşə də tamaşaçılara təqdim olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, tarix üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, AMEA-nın Arxeologia və Etnoqrafiya İnstitutunun əməkdaşı Tufan Axundov və digər qonaqlar çıxış edəcəklər.