Yanvarın 18-də Lənkəran şəhərində Heydər Əliyev Mərkəzi, Lənkəran Regional Mədəniyyət İdarəsi və Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar-qürur və İftixar günümüz” mövzusunda anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə yeniyetmə və gənclərin Qanlı Yanvar hadisələri ilə bağlı rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb. Qeyd olunub ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Elbəy Fətəliyev çıxış edərək 30 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini, günahsız insanların qətlə yetirildiyini xatırladıblar.
Diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar.
Çıxışlardan sonra məktəblilərin, tələbələrin hazırladıqları əbədi-bədii kompozisiyalar, Qanlı Yanvar hadisələrini canlandıran səhnələr nümayiş olunub.
Sonda Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının, Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinin istedadlı üzvləri diplomlarla mükafatlandırılıb, 20 Yanvar faciəsindən bəhs edən sənədli film göstərilib.