Azərbaycana ikinci dəfədir səfər edirəm. Ötən ilin noyabrında da olkənizdə olmuşam. Şadam ki, builki konsertlərimdən biri gözəl Qəbələ şəhərində təşkil edilib. Bu şəhər haqqında çox eşitmişəm. Bilirəm ki, hər il burada möhtəşəm beynəlxalq musiqi festivalı keçirilir. Bura dünyanın bir çox ölkələrindən məşhur orkestrlər, musiqiçilər gəlirlər. Bir sözlə, Qəbələdə klassik musiqini çox sevirlər.
Bu sözləri meksikalı pianoçu Xesus Lepe Qəbələdə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Yüksək musiqi duyumu olan belə bir auditoriya qarşısında çıxış etməkdən məmnun qaldığını vurğulayan pianoçu tamaşaçıların musiqiyə münasibətinin, sevgisinin onda xoş təəssürat yaratdığını bildirib.
Azərbaycan bəstəkarlarından Qara Qarayevin yaradıcılığı ilə maraqlandığını deyən Xesus Lepe bəstəkarın “Yeddi gözəl” əsərinin çox xoşuna gəldiyini və hər dəfə bu əsərə həvəslə qulaq asdığını söyləyib.