Sentyabr ayının 21-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “21 sentyabr – Beynəlxalq Sülh günü” adlı geniş kitab sərgisi açılmışdır.
Sərgini Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq “Beynəlxalq Sülh Günü”nün yaranma tarixindən danışmış, hər il bu günün ölkəmizdə geniş qeyd olduğunu bildirmişdir.
“Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Uzun illər boyu öz qoynunda bütün millətlərə yuva açıb, onlarla qardaş kimi davranıb.” – deyə Ə.İsmayılova qeyd etmişdir.
Sonda tədbir iştirakçıları Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunmuş kitablardan, dövri mətbuat materiallarından ibarət sərgi ilə tanış olmuşlar.
Həmçinin Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Beynəlxalq Sülh günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə 7 və 8 saylı məktəblərin şagirdləri iştirak etmişlər. Şagirdlər arasında mövzu ilə bağlı şeir və rəsm müsabiqələri keçirilmişdir. Qaliblərə Açıq Kitabxananın fondundan kitablar hədiyyə edilmişdir.