Professor Fırat Purtaş: UNESKO-nun Şəki barədə qərarı Azərbaycana şərəf gətirən tarixi bir uğurdur
“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycana şərəf gətirən tarixi bir uğurdur.
Bu fikri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibinin sabiq müavini, professor Fırat Purtaş ifadə edib.
Bu uğurun təkcə Azərbaycanda deyil, bütün türk dünyasında sevinclə qarşılandığını diqqətə çatdıran professor Fırat Purtaş deyib: “Azərbaycan TÜRKSOY-un təsisçi üzvü kimi hər zaman təşkilatın işinin irəli getməsinə böyük töhfələr verib. TÜRKSOY 2016-cı ildə Şəki şəhərini türk dünyasının paytaxtı seçərək əhəmiyyətli bir tarixə imza atdı. Ən əsası odur ki, Azərbaycan bu fürsətdən əhəmiyyətli dərəcədə istifadə edərək təkcə Şəkinin deyil, bütün ölkənin tarixini və mədəniyyət abidələrinin təbliği şansından məharətlə bəhrələndi. UNESKO-nun Şəki barədə qərarı ortaya iki mühüm həqiqəti çıxarmışdı. Birincisi, TÜRKSOY seçimlərini düzgün edir və proseslərə həssas yanaşır. İkincisi, Azərbaycan tərəfi öz tarixinə və mədəniyyətinə sahib çıxmağı məharətlə bacarır və bu istiqamətdə fundamental bir ənənə formalaşdırıb”.
Şəki barədə tarixi qərarın Azərbaycanın turizm imkanlarını genişləndirəcəyinə, beynəlxalq mədəni ictimaiyyətin bundan sonra ölkəmizə daha sıx bağlı olacağına əminliyini ifadə edən professor F.Purtaş bu tarixi nailiyyətlə bağlı Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb.