Belçikanın Brüssel şəhərində gənc musiqiçilərin peşəkarlığının artırılması və
dünyanın müxtəlif ölkələrindən olan gənc istedadların öz bacarıqlarını nümayiş etdirmələri məqsədilə növbəti dəfə beynəlxalq “Musica Mundi” festivalı keçirilmişdir.Festivalda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri: Prezident təqaüdçüsü Zərrin Əliyeva (violin), beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyeva (fortepiano) və məktəbin məzunu, Bakı Musiqi Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü Orxan Hüseynov (violonçel) görkəmli sənət adamları Leonid Kerbel, Nikolas Angelik, Menahem Pressler, İren Koqan, İtamar Golan, Jerome Pernoo, Aleksandra İvanova, Jan Talik, Petr Prause, Ronald Van Spaendonck və Fien Van den Fonteynenin ustad dərslərində uğurla iştirak etmişlər.
Tədbir çərçivəsində gənc musiqiçilərimiz dünya şöhrətli violin ifaçısı Maksim Vengerovdan aldıqları ustad dərsinin yekununda onunla birgə böyük səhnədə çıxış etmişlər.
Məşhur Chateau du Lac səhnəsi və Ve Martin's hotelinin zalında çıxış edən gənclərimiz dinləyicilərin rəğbətini qazanmışlar. Gənc musiqiçilərimiz ölkəmizi layiqincə təmsil etmiş, mədəniyyətimizin tanıdılması məqsədilə çıxışlarında Azərbaycan bəstəkarlarının əsərlərinə geniş yer vermişlər.