Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə birgə 19 iyul 2018-ci il tarixində Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Muzey işçilərinin assosiasiyası”nın yaradılmasına dair iclas keçirmişdir. İclasda Bakı şəhəri və regionlardakı tarix-diyarşünaslıq muzeylərinin nümayəndələri iştirak etmişlər. Tədbirdə yaradılacaq assosiasiyanın strukturu, məqsəd və vəzifələri, fəaliyyət formaları və idarə heyətinin üzvlərinin müəyyən olunması istiqamətində müzakirələr aparılmış, verilən təkliflər Nazirliyə təqdim olunmuşdur.
Assosiasiyanın yaradılmasında əsas məqsəd muzey işinin inkişafına geniş yardım funksiyalarını həyata keçirmək üçün mədəni, təhsil və elmi istiqamətin, muzey işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi, muzeylərin sosial təyinatının təmin edilməsi, koordinasiya fəaliyyətinin ictimai tələbatının ödənilməsi, habelə onların ümumi əmlak və qeyri-əmlak mənafelərinin qorunması istiqamətində fəaliyyətin əlaqələndirilməsidir.
Tədbir çərçivəsində Mərkəz tərəfindən hazırlanan muzey işinə aid metodiki vəsaitlərin təqdimatı olmuşdur. Mərkəzin Muzey işi sektorunun müdiri Pakizə Almazova “Muzeylərdə marketinq işinin təşkili”, metodist Sevinc Qasımova “Muzey işində informasiya texnologiyaları: virtual eksponatlar, internet kataloqlar”, İnnovativ layihələr sektorunun müdiri Aygün Balabəyova “Məhdud fiziki imkanlı şəxslərin sosial mədəni həyata adaptasiyasında muzey və muzey tipli müəssisələrin rolu” adlı metodiki tövsiyələri təqdim etmişlər.