Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
Müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub. Ümummilli lider Heydər Əliyevin bu Fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli addım idi. Artıq 22 ildir xalqımız 26 iyun tarixini Silahlı Qüvvələr Günü kimi təntənəli şəkildə qeyd edir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da fəaliyyət göstərdiyi uzun illər ərzində gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişafı istiqamətində həmişə çalışıb, bu sahəyə diqqətini bir an belə zəiflətməyib. Bu gün də gücləndirilmiş karantin rejimində kitabxana fəaliyyətini onlayn rejimdə davam etdirir və maraqlı layihələr, videomateriallar, virtual sərgilər təqdim edir. Bu müddət ərzində kitabxananın əməkdaşları Milli qəhrəmanlar, Aprel döyüşlərində iştirak edən igid Vətən oğulları, ümumilikdə Dağlıq Qarabağ mövzusuna həsr olunmuş bir sıra materiallar hazırlayaraq gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi işinə töhfə verməyə çalışıb.
Kitabxananın əməkdaşları 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bu mövzuda videoçarxlar, kitab sərgiləri, Azərbaycan Ordusunun təbliği məqsədilə bir sıra materiallar hazırlayıblar. Videoçarxlarda Silahlı Qüvvələrimizin inkişaf yolu, bu günün əhəmiyyəti haqda məlumat verilib. Müasir Azərbaycan Ordusunun hərbi qüdrətini əks etdirən görüntülər də videoçarxlarda yer alıb.