Respublika Gənclər Kitabxanasında “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirildi
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 14 iyun 2019-cu il tarixində 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə
“Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirildi.Tədbir ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev tədbiri giriş sözü ilə açaraq “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.”-deyə vurğuladı.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni Dövr Azərbaycan Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli öz çıxışlarında Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşmasında ən mühüm nailiyyətlərin əldə edilməsində Heydər Əliyevin misilsiz xidmətlərinin müstəsna əhəmiyyəti haqqında bəhs etdilər.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni Dövr Azərbaycan Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, dosent Solmaz Həyatova, AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxışlar edərək bu gün barədə öz fikirlərini səsləndirdilər.
Mədəniyyət Nazirliyi Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Samirə Cəlilova, AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində siyasəti, Azərbaycançılıq ideyaları, dövlətçilik ənənələri mövzusunda çıxış etdilər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Xədicə İsgəndərlinin “Xeyirxah ömrün işığı” poemasından bir parça və Xəlil Rzanın “Azərbaycan oxusun” şerini söylədi.
Tədbirdə həmçinin, Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı Kəmalə Şahverdiyeva, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşları Lalə Mehdiyeva, Leyla Həmidova, BDU-nun tələbələri iştirak edirdilər. Tədbir zamanı “Ümummilli lider Heydər Əliyev” adlı video slayd nümayiş olundu.
Sonda “Xilas günü,- Milli Qurtuluş” adlı kitab sərgisinə baxış keçirildi.