Siyəzən rayonunda Novruz bayramı münasibəti ilə “Novruz gəlir, yaz gəlir!” adlı kütləvi bayram şənliyi keçirilmişdi. Şənlikdə Novruzun atributları olan Bahar qızı, Kosa və Keçəl iştirak edirdi, eyni zamanda milli adət-ənənələrimizi, milli mətbəximizi özündə əks etdirən nemətlərimiz nümayiş olunmuş, dekorativ tətbiqi sənət və gənc rəssamların əl işlərindən ibarət nümunələr tədbirdə sərgilənmişdi.
Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və digər qonaqlar, rayonun bir sıra idarə rəhbərləri, rayon ictimaiyyəti iştirak ediblər. Şənlikdə Siyəzən rayon Mədəniyyət Mərkəzinin “Arzu“ instrumental ansambılının solistləri, meyxana folklor qrupu, aşıqlar qrupu, rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Pöhrə” rəqs kollektivinin üzvləri də maraqlı konsert proqramı ilə çıxış etdilər. Tədbirdə 3000-dən çox rayon sakini iştirak edib.