Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasında təqdim olundu.
“Üzeyir Hacıbəylinin musiqisi əbədidir” adlı konsert proqramı Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Televiziyasının birgə təşkilatçılığı ilə reallaşdı.
Konsert proqramında Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin ifasında ilk olaraq dahi Üzeyir bəyin “Koroğlu” operasından uvertüra səsləndirildi.
Dirijorlar Faiq Sadıqov və Mustafa Aşurovun bədii rəhbərliyi ilə Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər Nərgiz Kərimova, Anar Şuşalı, habelə Cahangir Qurbanov, İlahə Əfəndiyeva, Ayşən Mehdiyeva, Pərviz Qasımov və digər gənc vokalçıların ifaları dinlənildi.
Daha sonra konsert boyunca dinləyicilərə bəstəkarın “Arşın mal alan” operettasından Əsgərin ariyası, Əsgər və Gülçöhrənin dueti, “Şəfqət bacısı” mahnısı, Koroğlunun ariyası, “Sevgili canan” romansı təqdim edildi.
Proqramda Müslüm Maqomayevin “Şah İsmayıl” və “Nərgiz” operalarından ariyalar, həmçinin “Şeyx Sənan” tamaşasından Fikrət Əmirovun “Kor ərəbin mahnısı” ifa edildi.
Klassik musiqi nümunələrinin səsləndirildiyi konsert proqramı maraqla qarşılandı.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən festival sentyabrın 26-dək davam edəcək.