Goranboy rayonu ərazisində salınmış Yeni yaşayış massivində fəaliyyət göstərən Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyətinin 30 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, rayon ziyalıları, mədəniyyət işçiləri, uşaq musiqi məktəbinin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə tər çiçəklər düzdülər.
Sonra məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalıdan olan məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlərə, “Xocalı faciəsi - xalqın qan yaddaşı” adlı fotoguşəyə, Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələri, ümumilikdə mədəniyyətin inkişafına göstərilən diqqət və qayğını əks etdirən guşələrə baxış keçirildi.
Tədbir uşaq musiqi məktəbinin akt zalında Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ziya Aşurov çıxış edərək tədbiri açıq elan edib, məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Tədbirdə qeyd edilib ki, Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbi 1989-cu ilin sentyabr ayından fəaliyyətə başlayıb. İlk direktoru Allahverdiyev Ramiz Misir oğlu olmuşdur. Xocalı rayonunun işğalından sonra məktəb fəaliyyətini Naftalan şəhərində davam etdirib. 2012-ci ilin yanvar ayının 21-də Goranboy rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbəyə köçürülmüşdür. Uşaq musiqi məktəbinin açılışında ölkə başçısı iştirak etmişdir. Vurğulanıb ki, məktəbdə 5 ixtisas 99 şagird təhsil alır, 34 müəllim çalışır.
Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Bəxtiyar Muradov məktəbin direktoruna regional idarənin fəxri fərmanını təqdim etdi.
Sonda Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək təbrik nitqini iştirakçılara təqdim etdi və məktəb kollektivinə uğurlar arzuladı.
Yubiley tədbiri məktəb şagirdlərinin, musiqi kollektivlərinin musiqi nömrələri davam etdi. Tədbir iştirakçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.