Sentyabrın 17-də Xalq rəssamı Əzim Əzimzadənin Ev muzeyində Cəfər Cabbarlı və Məmməd Səid Ordubadinin ev muzeylərinin, habelə Zığ Mədəniyyət evinin dəstəyi ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ad günü və Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.
Muzeyin direktoru İradə Əzimzadə böyük bəstəkarın həyat və yaradıcılığından bəhs edib. O qeyd edib ki, Əzim Əzimzadə və Üzeyir Hacıbəylinin arasında möhkəm dostluq və yaradıcılıq bağları olub. Onların hər ikisi Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə verərək öz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdırıblar.
İ.Əzimzadə diqqətə çatdırıb ki, əsl vətənpərvər olan Üzeyir Hacıbəyli bütün həyatını Azərbaycan xalqına xidmətə həsr edib. Onun mədəni irsi misilsizdir. Bu səbəbdən də dahi bəstəkarın xatirəsi əbədi olaraq yaşayacaq.
Tədbir konsert proqramı ilə davam edib.