Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2696

Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilib

Martın 31-də Quba Soyqırımı Memorial Kompleksinin zalında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransı keçirilib.

“Soyqırımlarının dərsləri” mövzusunda keçirilən konfrans “Quba soyqırımı” filminin nümayişi ilə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb. Akademik respublika elmi konfransının dövlətimizin başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.

Azərbaycanlıların soyqırımının 100 illiyi və Quba Soyqırımı Memorial Kompleksi ilə bağlı görülən işlər barədə məlumat verən Əli Həsənov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı” təsdiq edilib. Bu gün Quba soyqırımı qurbanlarının xatirəsini anma mərasimi və öz işinə başlayan respublika elmi konfransı da həmin Tədbirlər Planına uyğun olaraq keçirilir. Eyni zamanda, xatırlatmaq istəyirəm ki, dövlətimizin başçısının tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 2017-ci il iyunun 5-də “Quba şəhərində Soyqırımı Memorial Kompleksi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən yaradılan Komissiyanın qarşısına Kompleksdə yaranmış vəziyyətin ətraflı öyrənilməsi və məzarlığın durumuna təhlükə törədə biləcək proseslərin qarşısının alınması ilə bağlı təkliflər təqdim etmək vəzifəsi qoyulub. Bu tapşırığa uyğun olaraq, 2017-ci il iyunun 9-da Komissiya tam tərkibdə Quba şəhərinə gəlib, məzarlığa baxış keçirib, burada yaradılmış muzeyin iş şəraiti ilə tanış olub. Komissiya belə bir qənaətə gəlib ki, insan qalıqlarının çürüməsinin sürətlənməsi və torpağın sürüşmə hallarının aktivləşməsi məzarlığın olduğu şəkildə qorunub saxlanmasını çətinləşdirir. Ona görə də həmin ərazidəki insan sümüklərinin dini adət-ənənələrə uyğun dəfn olunması, qəbirüstü xatirə lövhəsinin qoyulması, gələcəkdə zəruri hallarda tarixi araşdırma məqsədilə qazıntı işləri üçün şəraitin yaradılması məqsədəuyğun hesab olunub və bu barədə ölkə rəhbərliyinə məruzə edilib. Artıq Komissiyanın təklifləri nəzərə alınaraq, soyqırımı qurbanlarının qalıqları dəfn edilib və məzarüstü xatirə lövhəsi qoyulub.

Əslində, azərbaycanlıların 1918-ci il soyqırımının Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda xalqımızın üzləşdiyi ən ağır sınaq olduğunu vurğulayan Prezidentin köməkçisi deyib ki, amansız qırğına və ağır itkilərə baxmayaraq, xalqımız bu sınaqdan keçərək öz taleyinə və torpaqlarına sahib çıxdı, Şərqdə ilk müstəqil respublika yaratdı. İki aydan sonra Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Bu yubileyin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi üçün Azərbaycan Prezidenti 2017-ci il mayın 16-da xüsusi Sərəncam imzalayıb. Bu Sərəncam tariximizin həmin şərəfli dövrünü daha dərindən öyrənmək üçün yeni imkanlar açır.

Tarixin müxtəlif dövrlərində xalqımız erməni millətçiləri tərəfindən soyqırımı cinayətlərinə, kütləvi qırğınlara, deportasiyalara, etnik təmizləmələrə və terrora məruz qalsa da, həmin hadisələrə heç bir siyasi-hüquqi qiymət verilməsi mümkün olmayıb. Ona görə ki, hər dəfə ermənilər məkrli niyyətlərini öz havadarlarına, başqa sözlə, mərkəzi hakimiyyətə, real güc sahiblərinə arxalanaraq və onların iştirakı ilə həyata keçirirdilər. Bu, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə və sonrakı dövrdə də məhz belə olub. Elə bu səbəbdən də soyqırımı faktları gizlədilir və ya təhrif olunmuş şəkildə təqdim edilir, elmi tədqiqat işləri sərt inzibati-ideoloji nəzarət altında aparılırdı. Nəticədə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiyaya, etnik təmizləməyə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı.

Çıxışına davam edən Əli Həsənov deyib: “Yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri kimi qiymətləndirilib və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan işlər sayəsində faciə ilə bağlı faktlar geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan məlumatlandırılıb. Artıq dünyanın 16 ölkəsi, ABŞ-ın 20-dən çox ştatı hökumət və ya parlament səviyyəsində, habelə İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb”.

Azərbaycan Respublikasının 1996-cı ilin mayında “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya”ya qoşulduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 9-da qəbul olunub. Lakin həmin sənədin qəbulundan 70 il keçməsinə baxmayaraq, hələ də dünyanın bir çox yerlərində soyqırımı cinayətləri baş verir. Bunun başlıca səbəbi dünyada hökm sürən ikili standartlar, beynəlxalq birliyin, xüsusilə də aparıcı dövlətlərin soyqırımı cinayətlərinə vaxtında adekvat münasibət bildirməməsidir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Digər tərəfdən, Azərbaycanda olduğu kimi, hər bir ölkədə etnik, mədəni və konfessional rəngarəngliyin milli sərvət, bəşəri dəyər kimi qəbul edilməsi, multikulturalizmin və tolerantlığın cəmiyyətin həyat tərzinə çevrilməsinə nail olunması lazımdır.

Elmi konfransın əhəmiyyətinə toxunan Əli Həsənov deyib: “Bugünkü respublika elmi konfransı erməni millətçilərinin insanlığa qarşı əməllərini ifşa etməklə yanaşı, bir daha belə halların baş verməməsi, insanların sülh və əmin-amanlıq şəraitində təhlükəsiz yaşayışının təmin olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyətə ölkəmizin elmi ictimaiyyətinin bir töhfəsidir”.

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirdi ki: “XX əsr Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir. Bu hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Lakin 1918-ci ilin əlamətdar hadisələrindən əvvəl bütün Azərbaycan xalqı üçün ümumi faciəyə çevrilmiş, hətta onun mövcudluğunu belə şübhə altında qoymuş hadisələr baş vermişdir.

Ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlılarla yanaşı, öz tarixi torpaqlarında dinc şəkildə yaşayan və müxtəlif tarixi dövrlərdə burada məskunlaşan  milli-dini qrupların nümayəndələri – yəhudi, ruslar və Azərbaycanın müsəlman əhalisinin digər təmsilçiləri olan ləzgilər, tatlar, kürdlər, avarlar  da amansızcasına qətlə yetirilmişlər.

Ümummilli liderin 26 mart 1998-ci ildə Bakı şəhərində imzaladığı Fərmana əsasən “31 mart Azərbaycanlıların Soyqırım Günü” elan edildi və artıq  20 ildir ki dünya  azərbaycanlıları bu günü xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımı kimi qeyd eləyir.

Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki fəaliyyəti bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də qətiyyətlə davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   sərəncamları və tapşırıqları ilə  erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci və sonra kı illərdə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması,  Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması, soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində elmi araşdırmalar aparılır, beynəlxalq tədbirlər və təbliğat  kompaniyaları keçirilir, çap məhsulları hazırlanır, tarixi abidələr bərpa edilir.

Əminik ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində  qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olacayıq.”

Sonda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Türk Tarix Qurumunun Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Kamal Çiçək, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxış ediblər.

Daha sonra dini konfessiyaların rəhbərləri soyqırımı qurbanlarının xatirəsinə dualar oxuyublar.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransa yekun vurub.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib