Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
15.01.2021 17:57
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri barədə açıqlamaAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 15 yanvar 2021-ci il tarixində kütləvi informasiya vasitələrində “Zəfər muzeyi və memorial kompleks bu yerdə olacaq” başlığı ilə yayılan xəbərlərə aydınlıq gətirmək məqsədilə bildirir:    Zəfər muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanmışdır. Hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməmişdir. ..
15.01.2021 13:47
İCESCO nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransıYanvarın 14-də ADA Universitetində İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin və mədəniyyət naziri Anar Kərimovun birgə mətbuat konfransı keçirildi. Mətbuat konfransı İCESCO nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına həsr olunmuşdu. Mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirdi ki, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 11-dən ölkəmizdə səfərdədir. Bu, onun İCESCO rəhbəri kimi Azərbaycana ilk səfəridir. Bu səfər həm də ona görə əlamətdardır ki, Vətən müharibəsindən sonra ilk beynəlxalq təşkilatın rəhbəri ölkəmizə gəlib: “Biz İCESCO rəhbərliyinə bu səfərə görə təşəkkür edirik. Qeyd etmək istərdim ki, səfərin əsas iki məqsədi var idi. Birincisi, Azərbaycanla İCESCO arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi, ikincisi isə erməni təcavüzündən sonra azad edilmiş torpaqlarımızda olan mədəni və tarixi abidələrimiz, mədəni mülkiyyətimizə baxış keçirmək”. Anar Kərimov daha sonra Azərbaycanın İCESCO-a üzv olmasının tarixi və ölkəmizin bu təşkilatla əməkdaşlığı barədə söz açdı. Qeyd olundu ki, 1991-ci ildən bu günə kimi təşkilatla çox səmərəli əməkdaşlıq həyata keçirilib. 2006-cı ildə ölkəmizin İCESCO ilə əlaqələrində yeni əlamətdar səhifə açılıb. Həmin il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təşkilatın xoşməramlı səfiri adına layiq görülüb. Ötən dövr ərzində Azərbaycan İCESCO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirib, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı seçilib. 2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısı, 2015-ci ildə İCESCO Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 36-cı iclası keçirilib. İCESCO Prezident İlham Əliyevin qlobal təşəbbüsü olan və BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”nin əsas tərəfdaşlarındandır. Nazir həmçinin vurğuladı ki, İCESCO Azərbaycanda təşkil edilən beynəlxalq layihələrdə, mötəbər tədbirlərdə hər zaman yaxından iştirak edib. Anar Kərimov İCESCO nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfərini əlamətdar hadisə kimi səciyyələndirdi. Dedi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, tarixi-mədəni abidələrimizin düşmən tərəfindən dağıdılması hər zaman İCESCO-nun diqqətində olub. Xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı təşkilat Azərbaycanın yanında olduğunu göstərib: “Azərbaycan hökuməti və Azərbaycan xalqı bu dəstəyi unutmayacaq. Nümayəndə heyəti işğaldan azad olunmuş bölgələrə səfəri zamanı orada olan dağıntıları öz gözləri ilə gördü. Onlar bir daha şahid oldular ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə ilə yanaşı, mədəni təmizləmə də həyata keçirilib. Bu əməllər insanlığa qarşı cinayətdir. Biz əminik ki, İCESCO və onun rəhbərliyi bu faktları görəndən sonra bununla bağlı hesabat hazırlayacaq və üzv dövlətlərə təqdim edəcək”. Nazir həmçinin diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə elan olunan “Nizami Gəncəvi İli” İCESCO-da da qeyd olunacaq. Artıq qurumun Baş direktoru ilə bununla bağlı razılıq əldə edilib: “Əlamətdar il çərçivəsində İCESCO-da tədbirlər keçiriləcək və əminəm ki, bu, dahi şairimizin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq”. Anar Kərimov daha mühüm bir məlumatı media nümayəndələrinin diqqətinə çatdırdı. Bildirdi ki, bu il ərzində Azərbaycanda İCESCO-nun regional mərkəzi yaradılacaq. Regional mərkəz bir çox ölkəni əhatə edəcək: “Əsas məqsəd İCESCO-nun böyük bir regionda təbliğini həyata keçirməkdir. Əminik ki, bu regional mərkəz həm Azərbaycan və İCESCO arasında, həm də region ölkələri arasında əlaqələrin inkişafına töhfə verəcək”. Nazir işğaldan azad olunmuş ərazilərdə inventarlaşma işlərinin davam etdiyini diqqətə çatdırdı. Bildirdi ki, hazırda 6 rayon üzrə məlumatlar əldə edilib. Bu günə olan məlumata əsasən, həmin ərazilərdə 399 mədəniyyət müəssisəsi aşkar edilib. Eyni zamanda 372 tarixi-mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir. Əldə olunan məlumatlar sistemləşdirilir: “Hazırda nazirlikdə işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası ilə əlaqədar yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərdə tutulur. Abidələrin bərpası ilə bağlı təsnifat aparmışıq. Təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpa işləri Şuşa şəhərində başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan təmizlənib, digər tərəfdən Şuşa ölkəmizin mədəniyyət paytaxtı elan olunub. Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin həmin rayonlar ilk növbədə minalardan tam təmizlənməlidir”. Mətbuat konfransında çıxış edən İCESCO Baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilata üzv ölkə Azərbaycanın Vətən müharibəsində Qələbəsini qeyd etdiklərini diqqətə çatdırdı: “Azərbaycan dost və qonaqpərvər ölkədir. Azərbaycana yalnız dəstək və onun qələbəsini qeyd etmək üçün deyil, həm də Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında olanları görmək üçün səfər etmişəm. Hər zaman deyilir ki, görmək inanmaqdır. Biz səfərimiz zamanı əsrlərlə mövcud olan Azərbaycan mədəni irsinin məhv edildiyini gördük. Törədilən əməllər insanlığa qarşı cinayətdir. Biz Füzuliyə səfər etdik, burada kitabxanalar, məktəblər, nəşriyyat evi, qəbiristanlıqlar, hətta yollar belə dağıdılıb. Ağdama səfərimizdə biz yalnız məhv edilmiş binaların divarlarının qalıqlarına şahid olduq. Məscid, muzey, teatr binasına getdik. Bu abidələrin yalnız divarları qalıb. Bütün bunları törədənlər əməllərinə görə cavab verməlidir. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan mədəni irsini məhv edənlər məsuliyyətə cəlb olunmalıdır”. Baş direktor mühüm bir xəbəri də diqqətə çatdırdı. Bildirdi ki, biz təklif etmişik ki, Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun. Yaxın günlərdə bu barədə yekun qərar elan ediləcək. Lakin regional mərkəzin də müəyyən vaxtdan sonra Şuşaya köçürülməsi baş tuta bilər. İCESCO-nun texniki missiyasının tezliklə Azərbaycana səfər edəcəyini bildirən Baş direktor dedi ki, fevral ayının sonunadək bu missiyanın işğaldan azad olunmuş bölgələrə səfəri baş tutacaq: “Texniki missiyanın hesabatı işğaldan azad olunmuş ərazilərdəki dağıntılarla bağlı ən doğru qiymətləndirmə olacaq. İCESCO nümayəndə heyəti qayıtdıqdan sonra komanda təşkil ediləcək. Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertlər təyin edəcəyik”. *** Daha sonra jurnalistlərin sualları cavablandırıldı. Sual 1: İctimai Televiziya – Cənab əl-Malik, bilirsiniz ki, Azərbaycan Ermənistandan təzminat tələb edəcək. İCESCO bu təzminatı dəstəkləyəcəkmi? Salim bin Məhəmməd əl-Malik: - İCESCO öz qaydalarını UNESCO təşkilatına uyğun qaydada qursa da, biz kiçik təşkilatıq. Üzv ölkələrimizi hər zaman dəstəkləyirik. Lakin biz siyasətə qarışmırıq. Elm, təhsil, mədəniyyət və hətta ətraf mühitlə bağlı məsələlərdə dəstəklədiyimiz üzv ölkələrimizin hər zaman yanındayıq. Sual 2: TREND informasiya agentliyi – Texniki missiyanın səfər tarixi məlumdurmu? Salim bin Məhəmməd əl-Malik: – İCESCO-nun texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Ola bilsin, fevral ayının sonuna kimi texniki missiyanın işğaldan azad olunmuş bölgələrə gəlişi baş tuta bilər. Hələ ki, tarixlə bağlı dəqiq məlumat verə bilmərik. İCESCO nümayəndə heyəti qayıtdıqdan sonra (texniki) komanda təşkil ediləcək. Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertləri təyin edəcəyik və bundan sonra texniki missiyanın səfərini həyata keçirməyə çalışacağıq. Nazir Anar Kərimov: – Bilirsiniz ki, həmin ərazilərdə təhlükəsizlik təmin edilməlidir. Minalardan təmizlənmə qismən başa çatdıqdan sonra texniki missiyanın səfərini təşkil etmək mümkün olacaq. Miqyası tam göstərmək üçün ərazilər minalardan tam təmizlədikdən sonra bu işi daha səmərəli həyata keçirmək mümkün olacaq. Biz bu işi mümkün qədər tez həyata keçirməyə çalışırıq. Sual 3. “Nizami Gəncəvi İli”nin İCESCO-da qeyd olunmasına münasibət (İranın Azərbaycandakı səfirliyinin nümayəndəsi) – “Nizami Gəncəvi İli” İCESCO çərçivəsində geniş şəkildə qeyd ediləcək məlumatına fikrimi bildirmək istərdim. Mən bizim müştərək İslam mədəniyyətinin nümayəndəsi, fars dilində yazan dahi Nizaminin irsinin İCESCO tərəfindən dəyərləndirilməsini təqdirəlayiq hesab edirəm. Nazir Anar Kərimov: – Biz Nizamini bəşəriyyətin şairi və filosofu hesab edirik. O, İslam təfəkkürünü təmsil edirdi. Onun yubileyinin keçirilməsi nəinki regionda, eləcə də beynəlxalq aləmdə geniş təbliğ edilməlidir. İCESCO-nun bu təklifini yüksək dəyərləndiririk. Nizaminin fikirləri və yanaşmaları bu gün dünyaya ismarış şəklində göndərilməlidir. Nizami Gəncədə yaşayıb-yaradıb. Bu gün onun Gəncədə məqbərəsi var. Mən İCESCO-ya bu dahi şəxsiyyətin yubileyinin keçirilməsinə görə təşəkkür edirəm. Sual 4. APA informasiya agentliyi – İşğaldan azad olunan ərazilərdə ilk növbədə hansı abidələrin bərpa işləri nəzərdə tutulub? Nazir Anar Kərimov: – Hazırda 6 rayon üzrə məlumatlar əldə edilib. Bu günə olan məlumata əsasən, 399 mədəniyyət müəssisəsi həmin ərazilərdə aşkar edilib. Eyni zamanda 372 tarixi mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir. Hazırda nazirlikdə bununla bağlı yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur. Abidələrin bərpasına gəldikdə, artıq təsnifatlandırma aparmışıq. Təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpaişləri Şuşa şəhərində başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan da təmizləndi, orada mina yoxdur, digər tərəfdən Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib. Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin dediyim kimi, həmin rayonlarda ilk növbədə minalardan tam təmizlənmə aparılmalıdır. Sual 5. ARB televiziyası – Çıxışlar zamanı Şuşanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi qeyd edildi və həmçinin İCESCO-nun Azərbaycanda regional mərkəzinin açılması məsələsi vurğulandı. Regional mərkəz Şuşada yerləşdiriləcək, yoxsa Bakıda? Salim bin Məhəmməd əl-Malik: – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İCESCO-nun regional mərkəzinin açılması təşəbbüsünü irəli sürdü. Azərbaycanda açılacaq regional mərkəz yeni baxışları izhar edəcək. Şuşada normal infrastruktur olacağı zamanda, əlbəttə ki, mərkəz orada da yerləşdirilə bilər. Bilirsiniz ki, hər il İCESCO tərəfindən 3 şəhər mədəniyyət paytaxtı elan edilir. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə layihələr hazırlanacaq. Sual 6. ARB televiziyası – Cənab nazir, bilmək istərdim İCESCO-dan əlavə daha hansı beynəlxalq təşkilatdan çevik münasibət və açıqlamalar gəldi? Nazir Anar Kərimov: – Bilirsiniz ki, BMT Sivilizasiyalar Alyansı və UNESCO-ya da məktublar ünvanladıq. Beynəlxalq təşkilatlarla yanaşı 150 ölkənin mədəniyyət nazirlərinə də 44 günlük müharibə və müharibədən sonrakı vəziyyətlə bağlı məktub ünvanlanıb. Təəssüflə qeyd etmək istərdim ki, biz bu işdə UNESCO-nun obyektiv yanaşmadığının şahidi olduq və ikili standartlara uyğun cavablar gördük. Azərbaycana qarşı törədilən mədəni terror pislənilməlidir. UNESCO tərəfindən qərəzli bəyanatlar cəmiyyətimizdə məyusluq yaradır. Hazırda UNESCO ilə danışıqlar aparılır və ümid edirik ki, bu təşkilatın texniki missiyası işğaldan azad olunmuş ərazilərimizə səfər edəcək və təşkilat öz səhvini başa düşəcək. Sonda mədəniyyət naziri Anar Kərimov və İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik media nümayəndələrinə təşəkkürlərini bildirdilər. ..
14.01.2021 16:33
Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradılıbMədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı növbəti onlayn iclas keçirilib. İclası giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar nazirliyin daxilində mütəxəssislərdən ibarət ekspert qrupu yaradılıb. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edib ki, ekspert qrupunun tərkibinə müxtəlif dövlət qurumlarının nümayəndələri, elm adamları, muzey mütəxəssisləri yer alıb. Artıq ekspert qrupunun ilk iclası gerçəkləşib. Sonra Zəfər muzeyinin məzmununun müəllifi, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov muzeyin məzmunu, bölmələri, nümayiş olunacaq əşyalar və s. haqqında ətraflı məlumat verib. Bildirib ki, muzeyin məzmunu beynəlxalq müasir təcrübə əsasında hazırlanıb. Daha sonra onlayn iclas ekspert qrupu üzvlərinin müzakirə və fikir mübadiləsi ilə davam edib. Mədəniyyət naziri Anar Kərimov Zəfər muzeyində “Böyük Qayıdış” layihəsinin təqdim olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, muzey daha çox xalqımızın qəhrəmanlıq tarixini əks etdirən konsepsiya üzrə hazırlanmalı və təqdim edilən məlumatlar mütəmadi yenilənməlidir. İclasda ekspert qrupunun üzvləri – Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan İstiqlal Muzeyinin direktoru vəzifəsini icra edən Sədi Mirseyibli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi – Şuşa şəhəri üzrə nümayəndə Zahid Abbasov, tarixçi Fuad Axundov, “Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli, dünya şöhrətli fotoqraf Rza Diqqəti və başqalarının fikirləri dinlənilib.  Çıxışlarda Zəfər muzeyinin ilkin məzmunun uğurlu alındığı və təqdimatda daha çox müasir innovativ üsullara üstünlük verilməli olduğu qeyd edilib. Həmçinin ekspertlər tərəfindən muzeylə bağlı qeyd edilən təkliflərin nəzərə alınacağı və görülən işlərin davam etdiriləcəyi vurğulanıb.  ..
13.01.2021 14:46
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: - Xoş gəlmisiniz, Baş direktor. Hörmətli qonaqlar, xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Səfəriniz üçün, işğaldan azad edilmiş əraziləri ziyarət etmək üçün vaxt tapdığınıza görə sizə çox minnətdaram. Mənə məlumat verilmişdir ki, dünən siz müharibə zamanı Azərbaycanın işğaldan azad olunmuş şəhərlərini ziyarət etmisiniz və özünüz vəziyyətin şahidi oldunuz. Hər şey tamamilə məhv edilib. Bizim bu barədə məlumatımız var idi. Çünki işğal edilmiş ərazilərdə vəziyyətlə bağlı bizdə müəyyən görüntülər var idi. Lakin səmimi desəm, biz dağıntıların bu qədər geniş vüsət almasını heç təsəvvürümüzə belə gətirə bilməzdik. Bu, onu nümayiş etdirir ki, torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin izini silmək istəyirdi. Azərbaycan xalqının irsini məhv etmək istəyirdi. Biz açıq-aydın başa düşürük ki, bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra edilmişdir. Bu, müharibə zamanı edilməmişdir, çünki müharibə zamanı bu cür dağıntıları etmək mümkün deyil. Bu, Azərbaycan xalqına məxsus hər şeyi məhv etmək və gələcəkdə azərbaycanlıların geri qayıtmasına imkan verməmək üçün işğaldan sonra edilmişdir. Bu, bir daha onu nümayiş etdirir ki, demək olar, 30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olmuşdur, bu da danışıqları sonsuz və faydasız etmək idi və bu da baş verdi. Çünki demək olar ki, bu 30 illik danışıqlar prosesində heç bir nəticə yox idi. Yalnız danışıqlar, yalnız səfərlər, yalnız bəyanatlar var idi, lakin heç bir nəticə yox idi. Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanını verdi. Qanunsuz məskunlaşma siyasəti hərbi cinayətdir və onlar işğalın son dönəmində bu siyasəti heç gizlətmirdilər belə. Onlar dünyanın müxtəlif yerlərindən erməni mənşəli insanları gətirir və onları tarixi Şuşa şəhəri də daxil olmaqla tarixi Azərbaycan ərazilərində məskunlaşdırırdılar. Şəhər və kəndlərimizin adlarını dəyişirdilər, hətta xristian dini abidələrinin mənşəyini belə dəyişirdilər. Onlar xristian dininə ibadət edən qədim udilərin dini irsinin mənşəyini dəyişirdilər. Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirirdilər. Beləliklə, onlar cinayət predmeti olan bir çox əməllər törədiblər. Sizin də yəqin bildiyiniz kimi, artıq Azərbaycan ziyanın qiymətləndirilməsi prosesinə başlamışdır. Yəni, yaxşı tanınmış beynəlxalq şirkətlərin köməyi ilə maddi, mədəni, mənəvi, ekoloji ziyan hərtərəfli qiymətləndiriləcək və bu da bizə təcavüzkar Ermənistan dövlətini beynəlxalq məhkəmələrə vermək imkanı yaradacaq. 44 günlük müharibə regionda vəziyyəti dəyişdi. Dediyim kimi, müharibə bitib, biz növbəti səhifəyə keçməliyik. Biz ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaqdır. Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır. Bu il biz bu işlər üçün əsaslı vəsait ayırmışıq. Beləliklə, biz beynəlxalq birliyin sülh yolu ilə edə bilmədiyini və ya etmək istəmədiyini güc yolu ilə etdik. Azərbaycanın tarixi torpaqlarının azad edilməsi təkcə bizim tariximizdə tarixi hadisə deyil, eyni zamanda, müharibələr tarixində əlamətdar hadisədir. Çünki biz demək olar ki, mümkünsüz kimi görünəni etdik. Zabit və əsgərlərimizin şücaəti və cəsarəti, müvafiq planlama, bütün xalqın sadiqliyi və birliyi ilə bunu etdik. Cənab baş direktor, sıx əməkdaşlıq etdiyimiz bütün bu illər ərzində şəxsən sizə və ICESCO-ya Azərbaycana davamlı dəstək göstərdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə müharibə zamanı qəbul edilmiş qərarlara görə təşəkkürümü bildirmək istəyirəm. Müharibə başlayandan bir neçə gün sonra - oktyabrın əvvəlində ICESCO Azərbaycanın ədalətli mövqeyinə çox dəstəkləyici bir bəyanat verdi və qərarlar qəbul etdi. Həmçinin bizim şanlı Zəfərimizdən sonra sizin mənə Qələbə münasibətilə göndərdiyiniz təbrik məktubunuza görə də minnətdarlığımı bildirmək istəyirəm. Bütün bunlar bizim birliyimizi, bizim xalqımızın birliyini nümayiş etdirir. Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyi ilə bağlı məsələləri həmişə güclü təşviq etmişdir və ICESCO Azərbaycanda çoxsaylı tədbirlər keçirmişdir. Ümidvaram ki, bu, belə də davam edəcək. Biz həmişə müsəlman ölkələri arasında birliyə çağırış etmişik. Sizin Ağdamda və digər yerlərdə gördükləriniz, həmçinin Ermənistan rəhbərliyinin müsəlmanların dini hisslərinə və tarixinə necə münasibət bəslədiyini göstərir. Onlar biri istisna olmaqla bizim bütün digər məscidlərimizi dağıdıblar. Ağdamdakı məscidi onlar ona görə tam dağıtmamışdılar ki, Azərbaycan Ordusu irəli gedəndə onların artilleriya hücumlarını planlaşdırmaq üçün ərazidə müəyyən bir oriyentirə ehtiyacı var idi. Onlar məsafəni ölçməli idilər. Səbəb bu idi. Lakin bizim məscidlərdə onların donuzları və inəkləri necə saxlaması ilə bağlı çoxsaylı şəkillər var. Bu, təkcə azərbaycanlıların təhqir edilməsi deyil, bu, bütün müsəlmanlara qarşı təhqirdir. Zəngilanın işğaldan azad edilmiş ərazilərinə səfərim zamanı mən tamamilə dağıdılmış məscidə baş çəkdim. Şuşada onlar bütün məscidləri tamamilə dağıdıblar, bir məsciddən başqa. O da yarımçıq dağıdılmışdı, lakin sonra İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında onlar bəzi təmir işləri görməyə çalışmışdı. Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular, çünki ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar. Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi. Əgər onların münasibəti belə idisə, niyə digərlərini dağıdıblar və niyə digərlərini təmir etməyiblər? Şuşaya gəlmiş həmin xarici şirkət digər məscidlərin, bütün dini və mədəni irsin dağıdıldığını görmədi? Onlar hətta bunu dağıdan separatçılardan da pis davrandılar. Lakin biz hər şeyi bərpa edəcəyik. Biz hər şeyi ilkin vəziyyətinə gətirəcəyik, əraziləri yenidən quracağıq. Əminəm ki, gələn dəfə siz bizə səfər edəndə mənim Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyim Şuşanı da ziyarət etmək imkanınız olacaq. Mənim sizinlə müzakirə etmək istədiyim məsələlərdən biri də ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı məsələdir. Bilirsiniz ki, bu məsələ son 3-4 il idi müzakirə olunurdu və biz bu müzakirələrə yenidən nəzər salmaq istəyirik. Əgər müsbət irəliləyiş olsa, düşünürəm ki, biz bunu çox tezliklə edə bilərik. Bu, bizim üçün və İslam həmrəyliyinin güclənməsinə, İslam mədəni irsinin qorunmasına töhfə verən bütün insanlar üçün çox mühüm əhəmiyyət kəsb edəcək. Cənab baş direktor, bir daha sizi salamlayıram, sizin indi - müharibə bitəndən sonra səfər etməyinizə dostluq və qardaşlıq nümunəsi kimi xüsusi önəm verirəm. Beləliklə, xoş gəlmisiniz. x x x ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik dedi: –Zati-aliləri, təşəkkür edirəm. Rəhbərlik etdiyim nümayəndə heyəti ilə görüşməyiniz mənim üçün böyük şərəfdir. Mən hər zaman Sizi əzmli, həqiqətən öz ölkəsi üçün mübarizə aparan, digərlərinə yol göstərən uzaqgörən liderlərdən biri kimi görmüşəm. Siz Qoşulmama Hərəkatının sədrisiniz. Sizin BMT Baş Assambleyasının sonuncu sessiyasındakı çıxışınıza istinad etmək istəyirəm, dediniz ki, Azərbaycan son 30 ildə 120-dən çox ölkəyə dəstək verib, çox sayda beynəlxalq forumlar təşkil edib. Bu, dünyaya böyük kömək deməkdir. Düşünürəm ki, bunun sayəsində Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır. Zati-aliləri, əmin olun ki, Azərbaycan hər zaman bizim üçün prioritet olub və olmağa davam edəcək. Biz Qələbəni qeyd etdik, çünki bu, bizim bir parçamızdır, Sizin Qələbəniz ICESCO-nun qələbəsinin bir parçasıdır. Bizim üzv dövlətlərimiz çox önəmlidir və biz kimliyindən asılı olmayaraq onları hər zaman dəstəkləyəcəyik. Mənimlə birlikdə ən önəmli insanlar gəlib. Mən onların baş verənlərin şahidi olmalarını və həmçinin Qələbəni qeyd etmələrini istəyirəm. Professor Rahil Qamar. O, elm və innovasiya sektorunun rəhbəridir və İslamabadda yerləşən COMSATS Universitetinin rektoru olub. Professor Məhəmməd Zeynalabdin. O, mədəniyyət üzrə baş katibdir və altı ay bundan əvvəl Tunisin mədəniyyət naziri idi. Səfir Xalid tərəfdaşlıq üzrə direktordur. Biz, həmçinin sivilizasiya dialoqu üzrə mərkəz də qururuq. O, Sudanın Mərakeş Krallığında səfiri və Sudanın sabiq Prezidentinin xüsusi müşaviri olub. Həmçinin cənab Sami. O, Misirin ən məşhur qəzetlərindən biri olan “Əl-Əhram”ın redaktoru olub. Beləliklə, görürsünüz ki, biz, ilk növbədə, Sizi təbrik etmək üçün buradayıq. Ölkənizə səfər edib Sizinlə görüşmək və bu mühüm Qələbənin qeyd edilməsində iştirak etməklə bağlı dəvətinizi yüksək qiymətləndiririk. Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik və əvvəllər heç vaxt görmədiyimiz bir faciəni gördük. Tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır. Bu, bəşəriyyət əleyhinə cinayətdir. Lakin dünən yerli hakimiyyət rəhbərlərində və vətəndaşlarda yenidənqurma əzmi və istəyinin şahidi olduq. Mən nazirlə söhbətimdə dedim ki, sadəcə, hökumətin dəstəyi ilə həmin insanlar Qarabağı yenidən quracaq. Biz dünən görüşdüyümüz hər kəsdə məhz bunu hiss etdik. Bu cür istəyi görmək bizi qürurlandırdı. x x x Sonra Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və nümayəndə heyətinin üzvləri ilə xatirə şəkilləri çəkdirdi. Daha sonra ICESCO-nun Baş direktoru Qələbə münasibətilə Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi. Salim bin Məhəmməd əl-Malik: Bu, Qələbəni əks etdirir. Burada Bismillahir Rəhmanir Rəhim deyilir. Burada deyilir ki, biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə kəlamları var. Prezident İlham Əliyev: Çox sağ olun. Salim bin Məhəmməd əl-Malik: Burada Zati-aliləri Prezident İlham Əliyev üçün yazılıb, Dağlıq Qarabağda Qələbəni qeyd edirik, bu, bizim loqodur. Zati-aliləri, bu qılıncın 100-dən çox yaşı var. Prezident İlham Əliyev: Çox sağ olun. Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var. Təşəkkür edirəm. ..
13.01.2021 14:09
İCESCO-nun Baş direktoru Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edibİslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Yanvarın 13-də İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və  nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu öndərin məzarüstü abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad olunub. Ümummilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub. Sonra Şəhidlər xiyabanına gələn İCESCO-nun Baş direktoru və nümayəndə heyətinin üzvləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından qəhrəman Vətən övladlarını xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar. Qonaqları İCESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə müşayiət edib. ..
13.01.2021 09:41
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmunu ilə əlaqədar müzakirələrin aparılması məqsədilə onlayn görüş keçirilibMədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirildi. Görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli Sərəncamının icrası ilə bağlı Nazirlik tərəfindən görülən işlər barədə məlumat verdi. Eyni zamanda görüşdə qeyd olundu ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilmişdir. Qısa müddət ərzində tərtib edilmiş Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparıldı. Həmçinin, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin qurulması məqsədilə məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi də görüşdə müzakirə edildi. Qeyd edək ki, bu yaxınlarda Nazirliyin nəzdində yaradılacaq daxili İşçi qrupunun görüşlərinin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulur. ..
12.01.2021 18:13
İCESCO nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edibİslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 12-də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır. Nümayəndə heyətini Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, ölkəmizin İCESCO yanında daimi nümayəndəsi Oqtay Qurbanov, İCESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbələrinin nümayəndələri müşayiət edirlər. Nümayəndə heyətinin səfəri Füzuli rayonundan başlayıb. Qonaqları Füzuli Rayonu İcra Hakimiyyətinin başçısı Alı Alıyev qarşılayıb. İCESCO-nun nümayəndə heyəti əvvəlcə Füzuli şəhərinin xarabalıqlarına baxıb, şəhər qəbiristanlığında erməni vandalizminin izlərini görüblər. Ermənilər burada mərmərdən olan məzar daşlarını söküb aparıb, bəzi qəbirləri qarət məqsədilə dağıdıblar. Şəhərdəki dağıdılmış Cümə məscidinin qalıqlarına baxış zamanı diqqətə çatdırılıb ki, ermənilər, işğal olunmuş digər bölgələrdəki məscidlərimizdə olduğu kimi, burada da mal-qara və donuz saxlayıblar. Nümayəndə heyətinin üzvləri İslam dini abidələrinin bu cür təhqir olunmasının, dağıdılmasının insanlıqla bir araya sığmadığını bildiriblər. İCESCO-nun nümayəndə heyəti rayonun Qarğabazarı kəndində qədim karvansaraya və XVII əsrə aid məscidin qalıqlarına, həmçinin Qoçəhmədli kəndinin yerlə-yeksan edilmiş məscid binasının xarabalıqlarına da baxıb, ermənilərin törətdikləri vəhşiliklərin bilavasitə şahidi olub. Nümayəndə heyəti daha sonra Ağdam rayonuna səfər edib, Cümə Məscidi, Çörək muzeyi, Dram teatrının binasına baxış keçiriblər. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə İCESCO-nun Elm və İnnovasiyalar sektorunun müdiri Rahil Qəmər, təşkilatın Mədəniyyət sektorunun müdiri Məhəmməd Zain Alabdern, İCESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun və Sivilizasiya Dialoq Mərkəzinin rəhbəri Xalid Fatih əl-Rəhman və başqaları daxildir. İCESCO Baş direktorunun Azərbaycana səfəri yanvarın 15-dək davam edəcək. ..
11.01.2021 19:35
Mədəniyyət naziri ICESCO-nun Baş direktoru Salim əl-Malik ilə görüşdüİslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfər gəlib. Yanvarın 11-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşdü. Görüşdə Azərbaycan-ICESCO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edildi. Nazir Anar Kərimov Salim əl-Maliki salamlayaraq onun ICESCO Baş direktoru kimi ilk səfərini Azərbaycana etməsinə görə təşəkkürünü bildirdi. Azərbaycanla ICESCO arasında uzunmüddətli və sıx əməkdaşlıq əlaqələrinin inkişafında ölkə başçısı Prezident İlham Əliyev və Birinci Vitse-President ICESCO-nun xoşməramlı səfiri Xanım Mehriban Əliyevanın müstəsna rolunu vurğulayan Anar Kərimov bu münasibətlərin dostluq və həmrəylik üzərində təşəkkül tapdığını qeyd etdi. Nazir son dövrdə ICESCO-da həyata keçirilən islahatları alqışladığını və Azərbaycanın da bu istiqamətdə həmrəylik göstərəcəyini diqqətə çatdırdı. Nazir, həmçinin ICESCO Baş direktorunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək təşəbbüsünü və işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələrini bilavasitə görmək istəyini yüksək qiymətləndirdi. Qeyd etdi ki, bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə beynəlxalq missiyanın ilk səfəri olacaq. “Biz istəyirik ki, ICESCO missiyası bu səfər zamanı gördükləri ilə bağlı obyektiv hesabat hazırlasın” – deyə nazir vurğuladı.   ICESCO-nun obyektiv mövqeyinin Azərbaycan tərəfindən yüksək dəyərləndirildiyini deyən Anar Kərimov təşkilatın ölkəmizin haqlı mövqeyini paylaşdığına görə təşəkkür etdi. Bildirdi ki, biz  ICESCO-nun mədəni irsin qorunması sahəsində səylərini yüksək qiymətləndirir və bu sahədə əməkdaşlığı davam etdirmək, həmçinin kreativ sənayenin inkişafında bərabər səylər göstərmək istəyirik. Eyni zamanda Azərbaycan ICESCO arasında mədəniyyət, təhsil və elm sahəsində nazirliyin yanında fəaliyyət göstərən ICESCO üzrə milli komissiyanın tövhələrini artırmaqda davam edəcəyik. Salim əl-Malik ölkəmizə səfərindən məmnunluğunu bildirərək göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. O, ICESCO-nun beynəlxalq hüquqa xüsusi ilə də BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını və suverenliyini daima dəstəklədiklərini və müharibə zamanı da eyni mövqedən çıxış etdiklərini ifadə etdi. Salim əl-Malik əlavə etdi ki, belə bir tarixi zamanda ICESCO ilə Azərbaycan arasında uzun illərdir davam edən dostluq və əməkdaşlığı davam etdirmək, qarşılıqlı şəkildə genişləndirmək və dəstəkləmək lazımdır. O, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğuladı və bildirdi ki, ICESCO bu istiqamətdə də öz dəstəyini davam etdirəcək. Anar Kərimov ölkəmizlə bağlı xoş sözlərinə görə təşəkkürünü bildirərək ICESCO ilə bir sıra istiqamətlərdə əməkdaşlıq etdiyimizi, bu əməkdaşlığın mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində də çox uğurla davam etdiyini vurğuladı. Diqqətə çatdırıldı ki, 2011-ci ildə əsası qoyulan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaş beynəlxalq təşkilatdan biri də ICESCO-dur və biz bu tərəfdaşlığın yeni Baş direktorun dövründə də davam etdiriləcəyinə əminik. Nazir ICESCO ilə daha bir əməkdaşlıq istiqaməti kimi rəqəmsal texnologiyaların mədəniyyət sahəsində tətbiqi ilə bağlı birgə startap layihəsini həyata keçirməyi təklif etdi. Sonra görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdi. Diqqətə çatdırıldı ki, yanvarın 12-də ICESCO heyəti Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfər edəcək. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə ICESCO-nun Elm və İnnovasiyalar sektorunun müdiri Rahil Qəmər, təşkilatın Mədəniyyət sektorunun müdiri Məhəmməd Zain Alabdern, ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun və Sivilizasiya Dialoq Mərkəzinin rəhbəri Xalid Fatih əl-Rəhman və başqaları daxildir. ICESCO Baş direktorunun Azərbaycana səfəri yanvarın 15-dək davam edəcək. ..
11.01.2021 10:42
Kitabxana və nəşriyyat-poliqrafiya müəssisələri ilə görüş keçirilibMədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 yanvar 2021-ci il tarixində video-konfrans formatında baş tutan görüşə ölkənin aparıcı kitabxana və nəşriyyat-poliqrafiya müəssisələrinin nümayəndələri qatılıb. Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli görüş iştirakçılarını salamladıqdan sonra gündəlikdə olan məsələləri müzakirəyə çıxarıb. İlk olaraq işğaldan azad edilmiş ərazilərdə kitabxana və nəşriyyatların bərpası işi ilə bağlı dövlət və özəl müəssisələrin əməkdaşlıq imkanları müzakirə edilib. Görüş iştirakçıları bu işdə könüllü olduqlarını dilə gətiriblər. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə cari ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin Nizami irsinin daha dərindən araşdırılması və geniş təbliğinə xidmət edəcək tədbirlər planının hazırlandığı və bu işdə sahəvi özəl müəssisələrin də yaxından iştirak edəcəklərinə əminlik qeyd olunub. Ardınca xalqımızın ədəbi-mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında mühüm rolu olan respublika əhəmiyyətli kitabxanaların məcburi nüsxələrlə təminatı qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı dünyanın koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə apardığı bir vaxtda kitab işi sahəsinin, bu sahədə çalışanların üzləşdiyi çətinliklər təhlil olunub, dəstək yönümlü birgə layihələrin hazırlanması təklif edilib.  Cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkili ilə bağlı görüş iştirakçılarının fikirləri dinlənilib. Sonda sahə ilə bağlı bir çox məsələlərin müzakirə olunduğu bu kimi görüşlərin müntəzəm keçirilməsi qərarlaşdırılıb. ..