“Azərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarında” silsiləsindən yekun konsert olacaq
Oktyabrın 29-da P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Raxmaninov zalında “Azərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarında” silsiləsindən yekun konsert olacaq.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Simfonik Orkestri ansamblının solistləri iştirak edəcəklər.
Konservatoriyanın press-relizində deyilir: “Ansamblın çoxillik fasilədən sonra oktyabrın 29-na elan edilmiş ilk konsertinə dirijorların Y.Svetlanov adına beynəlxalq müsabiqəsinin laureatı Fuad İbrahimov rəhbərlik edəcək. Əvvəlki illərdə olduğu kimi bu dəfə də ansamblın proqramı bütünlüklə müasir musiqidən ibarətdir. Solist istedadlı ifaçı və yeni musiqinin fəal təbliğatçısı Fəridə Məmmədovadır (soprano)”.
Konsertin proqramına Luis Andriyessen, Jorj Apergis, Alban Berq, Ayaz Qənbərli, Xəyyam Mirzəzadə və digər bəstəkarların əsərləri daxildir. Gecənin aparıcısı sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Məmmədovdur.
Xatırladaq ki, “Azərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarında” silsiləsinə daxil olan altı konsert çərçivəsində pianoçular Ülviyyə Hacıbəyova və Gülşən Ənnağıyeva, skripkaçılar Osman Eyyublu və Elvin Xocaqəniyev, habelə digər azərbaycanlı ifaçılar çıxış ediblər.