Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İSESKO mədəniyyət nazirlərinin İslam Konfransının növbədənkənar sessiyasında iştirak edir
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İSESKO mədəniyyət nazirlərinin İslam Konfransının növbədənkənar sessiyasında iştirak məqsədilə Bəhreyn Krallığının Manama şəhərində səfərdədir.
28 noyabr tarixində sessiya çərçivəsində Bəhreyn Krallığının Muharraq şəhərinin 2018-ci il üçün Ərəb regionu üzrə “İslam Mədəniyyətinin Paytaxtı” kimi qeyd edilməsi ilə əlaqədar təntənəli bağlanış mərasimi keçirildi. Mərasimdə İSESKO-ya üzv ölkələrin mədəniyyət nazirləri, nazir müavinləri, İslam Əməkdaşlıq Təşkilatı, həmin təşkilatın İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (İRCİCA), İCCROM kimi təşkilatların rəhbər şəxsləri iştirak edirdi.
Qeyd edək ki, Naxçıvan şəhəri 2018-ci il üçün Asiya regionu üzrə “İslam Mədəniyyəti Paytaxtı” elan olunmuşdur.
29 noyabr tarixində İSESKO mədəniyyət nazirlərinin İslam Konfransının növbədənkənar sessiyası öz işinə başladı. Açılış mərasimindən sonra “Muharraq – İslam Mədəniyyəti Paytaxtı 2018” medalının təqdim olunma mərasimi keçirildi.
Daha sonra İslam dünyasında mədəni inkişaf üzrə Məşvərətçi Şuranın 16-cı sessiyasının hesabatı, Əl Qüds Əl Şərifdə bəşəri və mədəni irsin qorunması məsələsinə beynəlxalq dəstəyin təşviqi üzrə Fəaliyyət Proqramının layihəsi, ekstremizm, sektarianizm və terrorizmə qarşı mübarizə məqsədilə birgə fəaliyyətin gücləndirilməsinə dair “Manama prosesi” layihəsi təsdiq olundu və təşkilata üzv ölkələrin milli hesabatları dinlənildi.