Türkiyənin Muğla Sıtkı Koçman Universitetində “Turizm və mədəni miras” adlı beynəlxalq konqres keçirilib. Qardaş Türkiyənin Muğla Sıtkı Koçman Universitetində öz işini uğurla başa vuran Beynəlxalq Konqresdə dünyanın bir sıra ölkələrinin təmsilçilərindən bir qisminin, o cümlədən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin başçılığı etdiyi nümayəndə heyəti üzvlərindən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm və qonaqpərvərlik” fakultəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Flora Ələsgərovanın iştirak fəallığı təşkilatçı qurum tərəfindən qənaətbəxş qiymətləndirilib.
F.Ələsgərova müxbirimizə müsahibəsində bildirib ki, beynəlxalq tədbirin gündəliyindəki Azərbaycan-Türkiyə: ortaq tarix, iqtisadi, sosial və mədəniyyət sahələri çərçivəsində ikitərəfli əlaqələrin inkişaf dinamikası və perspektivlərinə dair məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qeyri-neft sektorunun inkişafını hədəfləyən güclü turizm potensialından faydalanmanın səmərəli aspektlərinə nəzərən detallı faktlar üzərində də geniş fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvləri bölmə, eyni zamanda müvafiq tədqiqat sahələrinin müzakirəsinə həsr olunan iclaslara sədrlik ediblər. ATMU “Turizm və qonaqpərvərlik” fakültəsinin dekan müavininin bildirdiyinə görə konqresdə turizm, mədəni irs, milli mətbəx, qastronomiya və s. bölmələrin fəaliyyəti daha işgüzar olub. Dünyanın bir sıra ölkələrindən olan elm adamlarının və tədqiqatçıların qatıldığı tədbirdə türk xalqlarına aid sənət, ədəbiyyat, memarlıq, dil və adət- ənənələrlə bağlı elmi məruzələr dinlənilib.
Beynəlxalq tədbirin təkliflər paketində Azərbaycanda turizm potensialının güclü olmasına rəğmən qeyd edilən sahələr üzrə ixtisasların daha geniş təbliği və inkişafının təmin olunması əksini tapıb. Gələcəkdə müştərək beynəlxalq konfrans və simpoziumların keçirilməsi, əməkdaşlıq müqaviləsi bağlanan universitetlərlə müəllim mübadiləsinə xüsusi önəm verilməsi və s. ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin Muğla Sıtkı Koçman Universiteti arasında 2012-ci ildə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.