Frankfurt Beynəlxalq Kitab Sərgisi zamanı “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirildi
Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində 13 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə milli pavilyonda “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan diasporunun buradakı üzvləri, Almaniya ictimaiyyətinin nümayəndələri və Almaniyadakı Azərbaycanlı tələbələr iştirak etdilər.
Tədbiri giriş sözü ilə “Avropa Əməkdaşlıq Forumu"nun sədri, “Avropa Azərbaycanlıları Konqresi"nin fəxri prezidenti, “Alman-Azərbaycan Forumu"nun mədəniyyət şöbəsinin rəhbəri Samira Patzer-İsmailova açaraq son illərdə Azərbaycanın beynəlxalq aləmdə təbliği istiqamətində aparılan uğurlu fəaliyyətin nəticəsi kimi ölkəmizə səfər edən, Azərbaycan tarixi və mədəniyyəti ilə yaxından tanış olan almanların sayının artdığını qeyd etdi.
Tədbir zamanı "Azərbaycan almanların gözü ilə" mövzusunda 2016-cı ildə Almaniyanın “Vinand” nəşriyyatı tərəfindən nəşr olunmuş “Azərbaycanda qonaq olarkən” kitabının müəllifi fotoqraf Barbara Luterbek ölkəmiz haqqında öz təəssüratlarını bölüşdü. Azərbaycanın böyük turizm potensialına, xarici vətəndaşları maraqlandıran qədim və zəngin mədəni irsə malik olduğunu xüsusilə qeyd etdi.
Müzakirələrin davamı olaraq, “Vinand” nəşriyyatının rəhbəri Mixael Vinand və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Azərbaycanda və Almaniyada kitab nəşri haqqında fikir mübadiləsi apardılar. K.Tahirov Azərbaycanda ildən-ilə kitaba marağın artdığını, kitab çapının, özəl nəşriyyat və mətbəələrin sayının çoxaldığını, Azərbaycan dövlətinin bu sahəyə xüsusi qayğı göstərdiyini bildirdi.
Daha sonra, “Mədəniyyətlərarası təbabət və Kommunikasiya" adlı kitabın müəllifi, əyalət parlamentinin sabiq üzvü Dr.Rahim Şmidt yaxın zamanlarda işıq üzü görmüş kitabı haqqında tədbir iştirakçılarına məlumat verdi.
"Azərbaycanlılar Almaniyada” mövzusu ətrafında Frankfurt və yaxın şəhərlərdə yaşayan diaspor nümayəndələri: "Maints Azərbaycan Cəmiyyəti"nin sədri, “Avropa Azərbaycanlıları Konqresi"nin fəxri prezidenti Başar Kömür, “Frankfurt şəhərinin kommunal xaricilər nümayəndəliyi"nin sədri Cümə Məmmədov, “Azərbaycan Dağ Yəhudiləri Cəmiyyəti"nin sədri Orxan Şafadyayev, “Frankfurt Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri Kəmalə İskəndərova, alman dilində dərc olunan "İRS" jurnalının baş redaktoru Vüqar Aslanov (Dəmirbəyli) buradakı fəaliyyətləri barədə iştirakçılara məlumat verdilər.
Həmçinin müzakirə mövzularına dair materiallar, foto şəkillər video formatında təqdim olundu.