13 oktyabr 2017-ci ildə saat 15:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, İLESAM-Azərbaycan, Azərbaycan Milli Kitabxanası və AYB Müşfiq Komissiyasının "Günlərdən ŞEİR" adlı birgə layihəsinin növbəti tədbiri həyata keçirilmişdir.
Tədbirin qonağı - Türkiyədə yaşayıb-yaradan Şəki kökənli şair-publisist Coşqun Qarabulud olmuşdur. Həmçinin Atatürk Mərkəzinin şöbə müdiri şair-publisist Əkbər Qoşalı tədbirə qatılmışdır.
Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açmış, qonaqları salamlamış, layihə haqqında qısa məlumat verərək sözü Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzaya vermişdir. O, qonaqları salamlamış, “Günlərdən şeir”in VI qonağını – Türkiyədə yaşayıb-yaradan Şəki kökənli şair-publisist Coşqun Qarabuludu iştirakçılara təqdim etmişdir. Şair yaradıcılığından şeirlər söyləmişdir.
Tədbirdə şair-publisist Əkbər Qoşalı Şəki kökənli şair-publisist Coşqun Qarabuludun həyat və yaradıcılığından bəhs etmiş, şairə Nazilə Gültac Coşqun Qarabuludun “Hardan haraya…” adlı kitabından şeirlər səsləndirmişdir.
Tədbirdə həmçinin Türkiyədən gəlmiş qonaqlar və M.Rahim adına 7 saylı tam orta məktəbin III sinif şagirdləri də iştirak etmişdilər.
Tədbirin sonunda müəlliflər kitablarını Açıq kitabxanaya hədiyyə etmiş və xatirə şəkli çəkdirmişlər.